AnalitikaGündəmSiyasət

Şuşa sürətlə məskunlaşdırılır

Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə yaşadan Şuşa şəhəri xalqımız üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan bu şəhər milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi irsimizin ayrılmaz hissəsidir. Uzun illər işğal altında qalan Şuşanın 2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilməsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addım deyil, həm də milli qürurumuzun və tarixi ədalətin təntənəsi idi.

Şuşanın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin əvvəlki görkəminin bərpası, dağıdılmış infrastrukturun yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Qısa müddət ərzində şəhərdə mühüm infrastruktur layihələri həyata keçirildi, yollar yenidən quruldu, yaşayış binalarının və sosial obyektlərin bərpasına xüsusi diqqət yetirildi.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı şəhərin bərpası ilə bağlı mühüm qərarların verilməsi yeni quruculuq mərhələsinin başlanğıcı oldu. Həmin il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi isə onun tarixi və mənəvi əhəmiyyətinin dövlət səviyyəsində bir daha təsdiqi idi. Bu qərar Şuşanın yalnız fiziki baxımdan deyil, həm də mədəni və ictimai həyat baxımından dirçəldilməsinə geniş imkanlar yaratdı.
Bu gün Şuşada həyata keçirilən işlərin əsas istiqamətlərindən biri əhalinin mərhələli şəkildə məskunlaşdırılmasıdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş şuşalıların öz evlərinə qayıtması Böyük Qayıdış proqramının ən mühüm nəticələrindəndir. Yeni yaşayış binalarının inşası, mövcud mənzil fondunun bərpası, kommunal xidmətlərin təşkili və müasir yaşayış şəraitinin yaradılması bu prosesin əsas tərkib hissəsidir.
Məskunlaşmanın sürətləndirilməsi üçün şəhərdə sosial infrastrukturun inkişafına da xüsusi önəm verilir. Təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrinin fəaliyyətinin bərpası sakinlərin gündəlik həyatının rahat təşkilinə xidmət edir. Məktəblərin, uşaq bağçalarının, mədəniyyət müəssisələrinin və digər sosial obyektlərin yenidən qurulması Şuşanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məqsəd insanların sadəcə yaşayış evləri ilə təmin olunması deyil, onların burada rahat, təhlükəsiz və davamlı həyat qurmaları üçün bütün zəruri şəraitin yaradılmasıdır.
Şuşanın tarixi-memarlıq abidələrinin qorunması və bərpası da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İşğal dövründə ciddi dağıntılara məruz qalmış tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları və digər memarlıq nümunələri yenidən həyata qaytarılır. Bu işlər Azərbaycanın öz milli-mədəni irsinə sahib çıxmasının, tarixini qorumasının və gələcək nəsillərə ötürməsinin bariz nümunəsidir.
Eyni zamanda, Şuşanın iqtisadi potensialının genişləndirilməsi, turizmin inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Şəhərin əlverişli turizm imkanları, zəngin tarixi irsi və təbiət gözəllikləri onun gələcəkdə ölkənin aparıcı turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Beynəlxalq tədbirlərin, festivalların və mədəniyyət layihələrinin keçirilməsi Şuşanın dünya miqyasında tanıdılmasına, Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə töhfə verir.
Şuşada aparılan quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının, siyasi iradəsinin və müasir inkişaf strategiyasının real göstəricisidir. Prezident İlham Əliyevin şəhərə mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması və yeni layihələrin təməlini qoyması Şuşanın inkişafına göstərilən xüsusi diqqətin ifadəsidir.
Bu gün Şuşa özünün yeni inkişaf dövrünü yaşayır. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən, dağıntılara məruz qalan şəhər indi yenidən qurulur, sakinlərinə qovuşur və gələcəyə doğru inamla addımlayır. Hər yeni yaşayış binası, açılan sosial obyekt, bərpa olunan tarixi abidə Böyük Qayıdışın növbəti uğurudur.
Şuşaya qayıdış sadəcə insanların öz doğma evlərinə dönməsi deyil, həm də milli yaddaşın, tarixi ədalətin və mənəvi bütövlüyün bərpasıdır. Əminliklə demək olar ki, yaxın illərdə Şuşa daha da inkişaf edərək Azərbaycanın ən gözəl, müasir və canlı şəhərlərindən birinə çevriləcək. Şuşanın yenidən məskunlaşması müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin və quruculuq əzminin parlaq təcəssümüdür.

Vüqar Qafurov,     
YAP Şəki rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button