
“9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli dövlətçilik iradəsini, tarixi yaddaşını, azadlıq mübarizəsini və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli bayrağımız xalqımızın milli kimliyinin, suverenliyinin, tarixi qələbələrinin və gələcəyə inamının təcəssümüdür. Bu gün Azərbaycan bayrağına baxarkən xalqımızın şanlı tarixini, müstəqillik uğrunda mübarizəsini və müasir dövlətimizin qazandığı misilsiz nailiyyətləri görürük. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız milli dövlətçilik tariximizin ən mühüm rəmzlərindən biridir. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra endirilən bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən ucaldıldı. Bu tarixi qərar milli istiqlal ideyalarının bərpasında mühüm siyasi hadisə olmaqla, Azərbaycanın müstəqilliyə aparan yolunda əvəzsiz rol oynadı”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün həmin siyasi və ideoloji irs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə özünün ən yüksək təcəssümünü tapıb. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın mənasını daha da zənginləşdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlət başçısının qətiyyətli siyasi iradəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Xüsusilə Şuşanın azad olunması və şəhərdə Azərbaycan bayrağının ucaldılması milli tariximizin unudulmaz səhifəsinə çevrildi. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə ucalan bayrağımız artıq azadlığın və qalib Azərbaycanın rəmzinə çevrilmişdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltması müasir tariximizin ən qürurverici hadisələrindən biri oldu. Bu mənzərə Azərbaycan dövlətinin gücünü, siyasi iradəsini və ərazi bütövlüyünün təmin edildiyini bütün dünyaya nümayiş etdirdi. Artıq üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanır və müstəqilliyimizin, suverenliyimizin dəyişməz rəmzi kimi ucalır.
“Azərbaycanın qazandığı Zəfər bu gün genişmiqyaslı quruculuq və inkişaf siyasəti ilə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və Böyük Qayıdış Proqramının icrası tarixi qələbənin real nəticələridir. Vaxtilə dağıdılmış ərazilərdə bu gün Azərbaycan bayrağının dalğalanması, məktəblərin, yaşayış komplekslərinin və sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin gücünü və gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıraraq ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirib”.
Rəşadət Xalıqov əlavə edib ki, Dövlət Bayrağı Günü həm də hər bir Azərbaycan vətəndaşının üzərinə düşən milli məsuliyyəti xatırladır. Bayrağa hörmət dövlətə, Vətənə, tariximizə və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə hörmət deməkdir. Bu baxımdan gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalanması Azərbaycanın müstəqil, güclü və qalib dövlət olduğunu təsdiqləyir. Cümhuriyyət qurucularının istiqlal arzusu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər vahid bir milli ideyanın təntənəsidir. Azərbaycan xalqı öz bayrağına sahib çıxaraq tarix yazdı və bu gün həmin bayraq azad torpaqlarımızda qürurla dalğalanır.



