AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın – Zəfərdən Yeni Era Gözləntilərinə

Azərbaycan üçün 26 avqust – Laçın Şəhəri Günü təkcə təqvim bayramı deyil, həm də suverenliyin tam bərqərar olmasının simvoludur. 1992-ci ilin mayında baş verən işğal nəticəsində bölgənin zəngin mədəni irsi məhv edilmiş, əhali isə etnik təmizləməyə məruz qalmışdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində 2020-ci il dekabrın 1-də rayon, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qayıtdı.

Azad olunduqdan sonra qısa müddət ərzində Laçında misilsiz quruculuq işlərinə start verildi. Həkəri çayı üzərində qurulan “Həkəri Balıq Təsərrüfatı”, sənaye zonasındakı mebel, tikiş və ayaqqabı fabrikləri regionun iqtisadi dirçəlişini təmin edir. Eyni zamanda, 2025-ci ildə istifadəyə verilən və dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Laçın Beynəlxalq Hava Limanı bölgəni beynəlxalq nəqliyyat qovşağına çevirdi.

Rayonun enerji təminatı tamamilə yaşıl enerji mənbələri – kiçik su elektrik stansiyaları hesabına həyata keçirilir. 2026-cı ilin iyulunda isə “Həkəriçay” su anbarının təməlinin qoyulması regionun su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki tunellər və körpülər isə infrastrukturun əsas tərkib hissəsidir.

“Böyük Qayıdış” Proqramı çərçivəsində minlərlə laçınlı doğma yurdlarına qayıdaraq Zabux, Sus, Bəylik kəndlərində və Laçın şəhərində müasir evlərdə məskunlaşmışdır. Şəhərdə tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi və 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Laçının cazibədarlığını artırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında keçirilən beynəlxalq sammitlər və dövlət başçılarının görüşləri bu torpağın sülh mərkəzi olduğunu təsdiqləyir. Laçının hər bir guşəsində aparılan bu abadlıq Azərbaycanın qüdrətinin və quruculuq əzminin təntənəsidir.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button