AnalitikaGündəmSiyasət

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi qayıdış və dirçəliş

Zəngilan Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilən diyarıdır. Uzun illər işğal altında qalan bu torpaq 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azadlığına qovuşdu. Bu gün Zəngilan təkcə qələbəmizin deyil, həm də Böyük Qayıdışın və yenidən quruculuğun rəmzidir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-si Zəngilan şəhəri günü kimi təsis edilib. Bu əlamətdar tarix xalqımızın iradəsini, ordumuzun gücünü və doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirir.

Zəngilan əsrlərin yaddaşını yaşadan tarixi və memarlıq abidələri ilə zəngindir. Şərifan abidələri, Qız qalaları, qədim sərdabələr, Hacallı dairəvi bürcü, Tağlı körpüsü və Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi rayonun zəngin keçmişindən xəbər verir.

Lakin işğal illərində Zəngilanın yaşayış məntəqələri və infrastrukturu dağıdılmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdur. Bu gün həmin irsin qorunması və bərpası təkcə keçmişə ehtiram deyil, həm də milli yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zəngilanın coğrafi mövqeyi onu Azərbaycanın mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevirir. Rayonun beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil yollarının çəkilməsi, enerji və kommunikasiya infrastrukturunun yenilənməsi bölgənin iqtisadi potensialının artırılmasına xidmət edir.

Azadlıqdan sonra Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2021-ci il aprelin 26-da Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Həmin gün Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun da təməli qoyulub. Bu layihələr rayonun müasir inkişafının əsasını təşkil edir.

Prezident İlham Əliyevin azad edilmiş Zəngilana səfərləri bölgənin bərpasına və inkişafına verilən önəmin bariz nümunəsidir. 2020-ci il dekabrın 23-də şəhərdə Azərbaycan bayrağının ucaldılması Zəngilanın yeni tarixinin başlanğıcını simvolizə etdi.

2021-ci il ərzində rayonda aparılan işlər sürətləndirildi. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası, hava limanının və avtomobil yollarının tikintisi, enerji infrastrukturunun yenilənməsi Zəngilanın gələcək inkişafına mühüm töhfə verdi. Həmin il oktyabrın 20-də “Zəngilan” yarımstansiyasının açılışı da bölgənin enerji təminatının gücləndirilməsi istiqamətində əhəmiyyətli addım oldu.

Bu gün Zəngilanda görülən işlərin əsas məqsədi dağıdılmış şəhər və kəndləri yenidən qurmaqla yanaşı, insanların doğma yurdda təhlükəsiz və rahat yaşayışını təmin etməkdir. Müasir yaşayış məntəqələri, yeni yollar, hava limanı və yenilənən infrastruktur Böyük Qayıdışın real nəticələridir.

20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi qələbəsini, milli birliyini və quruculuq əzmini ifadə edir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən Zəngilan bu gün yenidən canlanır, sakinlərini doğma torpaqlarına qovuşdurur və Azərbaycanın inkişaf yolunda öz layiqli yerini tutur.

Zəngilanın dirçəlişi bir həqiqəti təsdiqləyir: doğma torpağa qayıdış yalnız fiziki dönüş deyil, həm də tarixi ədalətin, milli yaddaşın və gələcəyə inamın bərpasıdır. Zəngilan bu gün azadlığın, ümidin və yeni həyatın ünvanıdır.

Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button