
2026-cı il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən AQEM-in VII Zirvə görüşündə çıxış edərək Azərbaycanın xarici siyasəti, ərazi bütövlüyü və beynəlxalq münasibətlərdə ikili standartlar barədə fikirlərini bildirmişdir.
Prezident Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşən əlverişli coğrafi mövqeyini vurğulamış, ölkəmizin nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq sahələrində mühüm rol oynadığını qeyd etmişdir. O, beynəlxalq münasibətlərdə ikili standartları tənqid etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını və ATƏT-in Minsk Qrupunun fəaliyyətini səmərəsiz hesab etdiyini bildirmişdir.
Dövlət başçısı Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin siyasətinə toxunaraq münaqişənin uzun illər həll edilməməsinin səbəblərini diqqətə çatdırmışdır. O, Avropa Parlamenti və Avropa Şurasını beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi kimi qiymətləndirmişdir.
Çıxışda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası xüsusi yer tutmuşdur. Prezident 2020-ci il Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulamışdır.
“Dəmir yumruq” ifadəsi xalqın birliyini, dövlətin qətiyyətini və milli iradəsini simvolizə etmişdir.
İlham Əliyev bildirmişdir ki, müharibə Azərbaycanın seçimi olmayıb, Azərbaycan öz torpaqlarını azad etmək və beynəlxalq hüququn tələblərini təmin etmək üçün mübarizə aparmışdır. Qazanılan Qələbədən sonra ölkəmiz Ermənistana sülh təklif etmiş, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyini önə çəkmişdir.
Prezident Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın gücləndirilməsi, nəqliyyat əlaqələrinin rəqəmsallaşmanın, təhsilin, elmin və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmişdir.
Zirvə görüşündə Laos Xalq Demokratik Respublikasının təşkilata üzv qəbul edilməsi AQEM-in genişlənməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artması baxımından əhəmiyyətli hadisə olmuşdur.
Prezident İlham Əliyevin AQEM-in VII Zirvə görüşündəki çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa, regional təhlükəsizliyə və davamlı sülhə verdiyi əhəmiyyəti nümayiş etdirir.
Zirvə görüşü bir daha göstərmişdir ki, dövlətlər arasında qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquqa hörmət sabit və təhlükəsiz gələcəyin əsasını təşkil edir.
Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini



