AnalitikaGündəmSiyasət

Şuşa – Qarabağın tacı, zəfərimizin zirvəsi, milli qürurumuzun ünvanı

8 noyabr – bu gün biz Azərbaycan xalqının tarixində xüsusi yeri olan, milli qürurumuzun, mədəniyyətimizin və qəhrəmanlığımızın rəmzinə çevrilmiş Şuşa şəhərinin azad olunmasının ildönümünü qeyd edirik.

Şuşa bizim üçün sadəcə bir şəhər deyil. Şuşa Azərbaycanın tarixi, musiqisi, incəsənəti, milli kimliyi və mənəvi yaddaşıdır.

Ulu öndər Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti Şuşa zəfərinin əsasını təşkil etdi.

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması xəbərini böyük fəxarətlə Azərbaycan xalqına çatdırdı. Onun “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu müraciət təkcə hərbi qələbənin deyil, 28 il davam edən həsrətin sona çatmasının ifadəsi idi.

Qarabağ zəfərinin təməli Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası ilə qoyulmuşdur. Onun rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və ordu quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Prezident İlham Əliyev bu siyasi kursu davam etdirərək güclü Azərbaycan və müasir ordu formalaşdırmışdır.

1992-ci il mayın 8-də Şuşanın işğalı xalqımızın yaddaşında ağır faciə kimi qaldı. 2020-ci ildə başlanan Vətən müharibəsi uzun illər gözlədiyimiz tarixi ədalətin bərpası ilə nəticələndi.

Şuşa əməliyyatı Vətən müharibəsinin ən mühüm hərbi hadisələrindən biri oldu. Şəhərin mürəkkəb coğrafi şəraitinə baxmayaraq, Azərbaycan əsgərinin yüksək döyüş ruhu qələbəni təmin etdi. Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı və hərbi tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil oldu.

Şuşanın azad edildiyi gün Prezident İlham Əliyev Ulu öndərin məzarını ziyarət etdiyini bildirdi. O, atasının vəsiyyətini yerinə yetirməyin və Şuşanı azad etməyin böyük xoşbəxtlik olduğunu vurğuladı. Bu sözlər qələbənin yalnız hərbi deyil, həm də dərin mənəvi əhəmiyyətini ifadə edirdi.

Şuşanın azad olunması Azərbaycanın milli qürurunun və tarixi ədalətin bərpasının təntənəsi idi. Bu gün şəhərdə üçrəngli bayrağımız dalğalanır, tarixi abidələrimiz bərpa olunur. Şuşa azadlığın və dövlətimizin qüdrətinin rəmzinə çevrilib.

Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi şəhərimizin nüfuzunun göstəricisidir. Zəngin tarixi, füsunkar təbiəti və mədəni irsi Şuşanı mühüm turizm mərkəzinə çevirir.

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin müasir tələblərə uyğun qurulmasını və tarixi görkəminin qorunmasını nəzərdə tutur.

1752-ci ildə əsası qoyulan Şuşa Azərbaycan mədəniyyətinin beşiyi hesab olunur. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül kimi görkəmli şəxsiyyətlər bu şəhərin şöhrətini bütün dünyaya tanıtmışlar. Şuşa muğamımızın, poeziyamızın və incəsənətimizin inkişafında əvəzsiz rol oynamışdır. “Xarıbülbül” festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi şəhərin mədəni həyatının dirçəlişidir.

Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin şəhərə çoxsaylı səfərləri bərpa və quruculuq işlərinə verilən böyük əhəmiyyətin göstəricisidir. Bu səfərlər zamanı tarixi abidələrin bərpası, yeni infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı ilə bağlı mühüm addımlar atılmışdır.

Bu gün Şuşa yenidən öz tarixi simasına qovuşur. Onun küçələrində Azərbaycan musiqisi səslənir, festivallar keçirilir, yeni evlər tikilir, sakinlər doğma torpaqlarına qayıdırlar.

Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. Bizim borcumuz bu müqəddəs şəhəri qorumaq, inkişaf etdirmək və onun zəngin irsini gələcək nəsillərə çatdırmaqdır.

Şuşa Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı, zəfərimizin əbədi rəmzidir!

Əziz Şuşa, sən azadsan, sən bizim qürurumuzsan!

 

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button