AnalitikaGündəmSiyasət

Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə hər iki ölkənin inkişafına töhfə verəcək

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərdir qarşılıqlı maraq, siyasi dialoq və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu əlaqələr Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə formalaşaraq siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq istiqamətlərini özündə birləşdirib. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətləri yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regionda iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm istiqamət kimi nəzərdən keçirilir. Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlər 1992-ci il martın 11-də qurulub. Sonrakı illərdə imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi və siyasi əsaslarını möhkəmləndirib. Xüsusilə 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin inkişafında mühüm mərhələlər olub.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu münasibətlərin yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirib. Sənəddə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq əsas prinsiplər kimi müəyyənləşdirilib. Bəyannamənin mühüm xüsusiyyətlərindən biri dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə xüsusi diqqət yetirilməsidir. Tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliklərini bir daha təsdiqləyiblər. Bu müddəalar Azərbaycanın xarici siyasətində əsas yer tutan beynəlxalq hüquqa hörmət və dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipləri ilə uzlaşır. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti də vurğulanır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması, Böyük Britaniyanın davamlı sülhə ikitərəfli dialoq yolu ilə nail olunmasına dəstəyini təsdiqləməsi regionun gələcək inkişafı baxımından diqqətəlayiq məqamdır.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin tarixində mühüm hadisədir. 2026-cı il noyabrın 12-də Dublin şəhərində imzalanan bu sənəd uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və diplomatik əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə xidmət edir.
Bəyannamənin müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya kimi üç əsas istiqaməti əhatə etməsi əməkdaşlığın geniş sahələr üzrə inkişaf etdirilməsinə imkan yaradır. Orta Dəhlizin dəstəklənməsi, bərpaolunan enerji, yaşıl maliyyə, rəqəmsal texnologiyalar və insan kapitalının inkişafı kimi məsələlər Azərbaycanın uzunmüddətli inkişaf hədəfləri ilə uzlaşır.
Bu sənədin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan əməkdaşlıq siyasətini davam etdirir, müxtəlif dövlətlərlə əlaqələrini qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurur. Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi və iqtisadi imkanlarının artırılması üçün əlavə zəmin yaradır.

Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button