AnalitikaDünyaGündəmSiyasət

Dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, Bəyannamə gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirərək ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra Böyük Britaniya ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verib. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmizlə münasibətlərin inkişafında mühüm rol oynayıb. Xüsusilə enerji sektorunda həyata keçirilən birgə layihələr iki ölkə arasında strateji əməkdaşlığın möhkəm təməlini formalaşdırıb. Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyinin güclənməsi, Avropanın enerji təhlükəsizliyinə töhfəsinin artması bu əməkdaşlığın mühüm nəticələrindəndir.

 

Birgə Bəyannamənin əsas mahiyyəti iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, təhsil, elm və innovasiya kimi mühüm istiqamətlər ön plana çəkilir. Bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi hər iki dövlətin milli maraqlarına uyğun olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın gücləndirilməsinə də xidmət edir.

 

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər yaradır. Terrorizm, transmilli cinayətkarlıq, kibertəhlükəsizlik və digər müasir təhdidlərə qarşı mübarizə istiqamətində təcrübə mübadiləsi, birgə təşəbbüslər və institusional əlaqələrin inkişafı tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Eyni zamanda, regional sülhün və sabitliyin qorunması hər iki ölkənin diqqət mərkəzində olan məsələlərdəndir.

 

Bəyannamədə iqtisadi əməkdaşlığın genişləndirilməsi də əsas prioritetlərdən biri kimi müəyyənləşdirilir. Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes əlaqələrinin inkişafı və yeni iqtisadi imkanların yaradılması üçün əlverişli şərait mövcuddur. Xüsusilə qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, infrastrukturun müasirləşdirilməsi, maliyyə xidmətləri və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət daşıyır. Böyük Britaniyanın qabaqcıl texnologiyaları və iqtisadi təcrübəsi ölkəmizdə innovativ inkişaf proseslərinə əlavə töhfə verə bilər.

 

Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin zəngin enerji resursları, müasir boru kəmərləri infrastrukturu və əlverişli coğrafi mövqeyi Avropanın enerji təminatında mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsasını qoyur. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində Böyük Britaniya ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

 

Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Xüsusilə Orta Dəhlizin inkişafı ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit və nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirir. Azərbaycan həyata keçirdiyi infrastruktur layihələri, müasir liman və dəmir yolu imkanları ilə beynəlxalq yükdaşımaların inkişafına mühüm töhfə verir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi yeni iqtisadi əlaqələrin qurulmasına, tranzit potensialının artırılmasına və regional ticarətin inkişafına şərait yarada bilər.

 

Birgə Bəyannamədə təhsil, elm və innovasiya sahələrində əməkdaşlığa da xüsusi diqqət yetirilir. Müasir dövrdə dövlətlərin inkişafı insan kapitalının gücləndirilməsi, elmi nailiyyətlərin tətbiqi və texnoloji yeniliklərin mənimsənilməsi ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycan və Böyük Britaniya universitetləri, elmi-tədqiqat müəssisələri və təhsil təşkilatları arasında əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Gənclərin xaricdə təhsil imkanlarının artırılması, müasir bilik və bacarıqların əldə edilməsi, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində təcrübə mübadiləsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.

 

Sənədin mühüm siyasi əhəmiyyəti beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin vurğulanması ilə də bağlıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərini yeni mərhələyə yüksəltməsi xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması regionun gələcəyi baxımından vacibdir.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ölkəmizin qlobal proseslərdə rolunun artmasına imkan yaradıb. Azərbaycan bu gün yalnız regionda deyil, beynəlxalq miqyasda da etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və mühüm nəqliyyat-logistika mərkəzi kimi tanınır. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi də bu siyasətin mühüm istiqamətlərindən biridir.

 

Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi və hüquqi çərçivə yaradır. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcə də təhsil və innovasiya imkanlarının artırılmasına xidmət edir.

 

Əminliklə demək olar ki, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı gələcəkdə daha geniş məzmun kəsb edəcək, yeni birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına zəmin yaradacaq. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, milli maraqlarının təmin olunmasına və regionda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin təşviqinə mühüm töhfə verəcək.

Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button