
Azərbaycan və Vyetnam arasında mədəni əməkdaşlıq ikitərəfli münasibətlərin humanitar əsaslarını möhkəmləndirən, xalqların mənəvi yaxınlaşmasına və qarşılıqlı mədəni irsin tanıdılmasına şərait yaradan mühüm istiqamətdir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəsində mədəni əlaqələrin təhsil əməkdaşlığını tamamlayan mühüm vasitə kimi təqdim edilməsi mədəni diplomatiyanın müasir beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirir.
Azərbaycan və Vyetnam xalqları arasında mədəni əlaqələr uzun tarixi ənənələrə malikdir. Bu əlaqələrin formalaşmasında Azərbaycan incəsənət xadimlərinin Vyetnamın mədəni həyatında iştirakı mühüm rol oynayıb. 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ilk SSRİ-Vyetnam sənədli filmi üçün bəstələdiyi “Vyetnam süitası” iki xalq arasında mədəni əlaqələrin erkən nümunələrindən biri hesab olunur. Bu əsər Azərbaycan musiqi sənətinin Vyetnam mövzusuna və xalqının taleyinə göstərdiyi mənəvi münasibətin ifadəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi Əjdər İbrahimovun 1959-1962-ci illərdə Vyetnamda fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. O, Vyetnam milli kino məktəbinin formalaşmasına töhfə vermiş, yerli rejissor və aktyorların hazırlanmasında iştirak etmiş, Vyetnamın tarixi və mədəniyyətinə həsr olunan əsərlər yaratmışdır. Onun “Vyetnamda gördüklərim”kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə paytaxt Hanoyda təqdim edilməsi Azərbaycan-Vyetnam mədəni əlaqələrinin tarixi irsinin müasir dövrdə də yaşadıldığını göstərir.
Mədəni əməkdaşlığın digər mühüm istiqaməti Azərbaycanda keçirilən Vyetnam günləridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ildə bu təşəbbüs yeni keyfiyyət mərhələsinə yüksəlmiş, IV Vyetnam festivalı ilk dəfə Bakı ilə yanaşı, Qəbələdə də təşkil edilmişdir. Bu tədbirlər Vyetnamın milli mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının və adət-ənənələrinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılmasına imkan yaradır. Eyni zamanda, tanınmış vyetnamlı şair Mai Van Fanın şeirlər toplusunun Azərbaycanda nəşr olunması ədəbi əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisədir. Ədəbiyyat xalqların tarixi yaddaşını, mənəvi dəyərlərini və dünyagörüşünü əks etdirən mühüm vasitə olduğundan, bu cür nəşrlər qarşılıqlı mədəni anlaşmanın dərinləşməsinə xidmət edir.
Mədəni diplomatiyanın əhəmiyyəti həm də ondan ibarətdir ki, o, siyasi münasibətlərin davamlılığını təmin edən ictimai və mənəvi zəmin formalaşdırır. Dövlətlər arasında imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edirsə, mədəni əlaqələr xalqlar arasında qarşılıqlı etimadı və dostluq münasibətlərini möhkəmləndirir. Bu baxımdan Azərbaycan və Vyetnam arasında festival və sərgilərin təşkili, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri, ədəbi əsərlərin tərcüməsi, kino və musiqi sahəsində əməkdaşlıq, eləcə də tələbə və gənclər mübadiləsinin genişləndirilməsi strateji tərəfdaşlığın humanitar əsaslarını daha da gücləndirə bilər.
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, siyasi və humanitar aspektlərinin kompleks təhlili baxımından mühüm əhəmiyyətə malikdir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi dostluq ənənələrindən qaynaqlanaraq müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Dosent Zümrüd Məlikova ,
Bakı Slavyan Universiteti,
İctimai elmlər kafedrasının müdiri



