
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII
Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsinə toxunması müasir dövrün reallıqları ilə bağlıdır. İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsil və maarifləndirmə aparıcı yer tutur. Savadlı, müstəqil düşünən, hadisələrə tənqidi yanaşmağı bacaran gənclər yanlış məlumatları daha asan müəyyənləşdirir, müxtəlif təsir vasitələrinin mahiyyətini daha düzgün qiymətləndirirlər. Bununla yanaşı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik şüurunun formalaşdırılması gənc nəslin sağlam dünyagörüşünün inkişafına xidmət edir.
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi əsasları Konstitusiya və müvafiq qanunvericiliklə müəyyən edilir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini etiqad azadlığının təmin olunmasına, dini icmaların fəaliyyətinə və tarixi-mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir. Dini etiqad azadlığı hər bir insanın fundamental hüquqlarından biridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində uşaqların dini əqidəyə uyğun tərbiyəsi ilə bağlı müddəalar öz əksini tapmış, onların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunmuşdur. Məktəblərdə dini məsələlərə yanaşma zamanı dünyəvi təhsil prinsipi, dini etiqad azadlığı və uşaqların hüquqları arasında hüquqi tarazlığın qorunması vacibdir. Xüsusilə uşaqların dünyagörüşünün formalaşdığı dövrdə onların dini və ideoloji məsələlər üzrə məlumatlandırılması elmi biliklərə, qarşılıqlı hörmətə və sağlam düşüncəyə əsaslanmalıdır. Dini radikalizmə, zorakılığa və dözümsüzlüyə qarşı mübarizə aparılmalı, eyni zamanda insanların qanuni dini seçimlərinə hörmətlə yanaşılmalıdır. İdeoloji təhlükəsizliyin möhkəmləndirilməsi cəmiyyətdə qorxu və qarşıdurma yaratmaqla deyil, maarifləndirmə, hüquqi savadlılıq və qarşılıqlı etimadın gücləndirilməsi ilə mümkündür.
Azərbaycan dövlətinin dini-mənəvi dəyərlərə qayğısı məscidlərin və tarixi ziyarətgahların bərpasında, dini təhsilin inkişafında, din xadimlərinə və dini icmalara göstərilən dəstəkdə də özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası xalqımızın tarixi yaddaşının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Şuşa, Ağdam və digər ərazilərdə məscidlərin təmir-bərpası yalnız memarlıq irsinin qorunması deyil, həm də milli-mənəvi bağlılığın yenidən canlandırılması deməkdir.
Azərbaycanın müxtəlif dinlərə və mədəniyyətlərə hörmətə əsaslanan təcrübəsi beynəlxalq miqyasda da təşviq olunur. COP29 çərçivəsində 2024-cü ilin noyabrında keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, eləcə də dinlərarası dialoqa həsr olunan beynəlxalq tədbirlər ölkəmizin qarşılıqlı anlaşma və dinc birgəyaşayış təşəbbüslərinə töhfəsini nümayiş etdirir.Məktəblərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması yalnız inzibati qaydaların tətbiqi ilə məhdudlaşmır. Bu prosesdə müəllimlərin peşəkarlığı, valideynlərin məsuliyyəti və şagirdlərin davranış mədəniyyəti mühüm rol oynayır. Təhsilverənlər şagirdlərə yalnız dərs keçməklə kifayətlənməməli, eyni zamanda onlarda vətənə məhəbbət, qanunlara hörmət, insan hüquqlarına həssas münasibət və milli-mənəvi dəyərlərə bağlılıq formalaşdırmalıdırlar.
İdeoloji təhlükəsizliyin təmin edilməsi, dünyəvi təhsil prinsiplərinin qorunması, məktəbdaxili intizamın gücləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması bir-biri ilə sıx bağlı olan strateji vəzifələrdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər bu sahədə təhsilin, vətənpərvərliyin və milli birliyin əhəmiyyətini ön plana çəkir. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də savadlı, düşüncəli, milli maraqları dərk edən və qanunlara hörmətlə yanaşan vətəndaşlarla ölçülür. Buna görə gənc nəslin sağlam dünyagörüşlü yetişdirilməsi, yad və zərərli ideoloji təsirlərə qarşı maarifləndirilməsi, dini etiqad azadlığına və insan hüquqlarına hörmət ruhunda tərbiyə olunması ümumi məsuliyyətimizdir.
Əsas məqsəd milli birliyi qorumaq, məktəblərdə bərabər və təhlükəsiz təhsil mühiti yaratmaq, dini-mənəvi irsimizə sahib çıxmaq və Azərbaycan dövlətinin müstəqil inkişafını təmin edən dəyərləri gələcək nəsillərə ötürməkdir.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



