
Müasir dünyada dövlətin nüfuzu yalnız iqtisadi və siyasi gücü ilə deyil, həm də beynəlxalq münasibətlər sistemində ortaya qoyduğu mövqe, müdafiə etdiyi prinsiplər və qlobal proseslərə verdiyi töhfə ilə ölçülür. Azərbaycan bu gün milli maraqlarını qətiyyətlə qoruyan, milli-mənəvi dəyərlərinə sahib çıxan, beynəlxalq hüququn aliliyini müdafiə edən və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı da ölkəmizin bu mövqeyini və müasir dünyanın çağırışlarına münasibətini ifadə edən mühüm siyasi mesajlarla diqqət çəkdi.
“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forum bir daha göstərdi ki, qlobal gərginliklərin artdığı, beynəlxalq hüquqa münasibətdə ziddiyyətlərin dərinləşdiyi bir şəraitdə dialoq, qarşılıqlı hörmət və ədalət prinsipləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma ölkəmizin beynəlxalq nüfuzunun, multikultural dəyərlərə sadiqliyinin və əməkdaşlığa əsaslanan siyasətinin bariz ifadəsidir.
Dövlət başçısının vurğuladığı kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin və digər qlobal məsələlərin müzakirəsi üçün səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirməsi ölkəmizin dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Azərbaycanın öz milli-mənəvi dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz yalnız ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamaqla kifayətlənməmiş, onları daha da gücləndirmişik. Bu, milli kimliyə bağlılığın və dünyaya açıq olmağın bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan dəyərlər olduğunu göstərir.
Forumda diqqət çəkən əsas məqamlardan biri beynəlxalq hüququn aliliyi ilə bağlı məsələlər idi. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olması barədə fikri beynəlxalq münasibətlər sistemindəki mühüm problemə işıq salır. Qəbul edilən qərarlar icra olunmadıqda ədalətin təmin edilməsi və beynəlxalq təşkilatlara inamın qorunması çətinləşir. Azərbaycanın təcrübəsi də göstərir ki, beynəlxalq hüquq prinsipləri sözlə deyil, əməli addımlarla təsdiq olunmalıdır.
Bu gün Azərbaycan müstəqil siyasəti, milli maraqlara əsaslanan qərarları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə özünü etibarlı və hörmətli tərəfdaş kimi təqdim edə bilib. Ölkəmizin artan nüfuzu ardıcıl siyasətin, siyasi iradənin və dövlət maraqlarının qətiyyətlə müdafiəsinin nəticəsidir. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı onun regional və qlobal proseslərdə mövqeyini daha da möhkəmləndirir.
İqtisadi dayanıqlılıq da Azərbaycanın müstəqil siyasətinin mühüm dayaqlarındandır. Dövlət başçısının ölkəmizin dövlət borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olması barədə fikri maliyyə sabitliyinin əhəmiyyətini önə çəkir. Sağlam iqtisadi göstəricilər dövlətin strateji hədəflərini reallaşdırması, sosial öhdəliklərini yerinə yetirməsi və beynəlxalq çağırışlara çevik reaksiya verməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin Forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın inkişaf modeli milli dəyərlərə bağlılıq, beynəlxalq hüquqa hörmət, iqtisadi dayanıqlılıq və müstəqil siyasət prinsiplərinə əsaslanır. Ölkəmiz həm milli kimliyini qoruyur, həm də qlobal əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir.
Ortaq gələcək naminə dialoq yalnız fikir mübadiləsi deyil, həm də sülhə, ədalətə və qarşılıqlı etimada aparan yoldur. Azərbaycan bu yolda atdığı addımlarla mədəniyyətlərarası anlaşmanın möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın inkişafına və daha təhlükəsiz gələcəyin formalaşmasına töhfə verməkdə davam edir.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



