
Hər bir xalqın milli-mənəvi dəyərləri, mədəni irsi, tarixi yaddaşı və özünəməxsus adət-ənənələri onun bir xalq kimi formalaşmasını, tarixi inkişaf mərhələlərini və milli kimliyini səciyyələndirən başlıca amillərdəndir.
Milli birliyin formalaşmasının ən mühüm amili xalqın milli-mənəvi dəyərləri və milli özünüdərk prosesidir. Milli özünüdərk hissini itirmiş xalqlar parçalanma təhlükəsi ilə üz-üzə qalırlar. Buna görə də milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi bütün dövrlərdə mühüm və zəruri amil hesab edilmişdir. Çünki mənəvi mədəniyyət xalqın bütün təbəqələrinə məxsus olan ümumbəşəri dəyər və milli sərvətdir.
Azərbaycan xalqı zəngin tarixi keçmişi, çoxəsrlik dövlətçilik ənənələri, yüksək mənəvi keyfiyyətləri və rəngarəng mədəni irsi ilə seçilən xalqlardandır. Xalqımız tarix boyu milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, dilinə və mədəni irsinə bağlılığını qoruyaraq bu sərvətləri nəsillər arasında mənəvi körpüyə çevirmişdir. Əsrlərin sınağından keçərək günümüzədək gəlib çatan milli mərasimlərimiz, ailə ənənələrimiz, xalq yaradıcılığı nümunələrimiz, musiqimiz, ədəbiyyatımız və digər mədəni irs nümunələri milli kimliyimizin formalaşmasında mühüm rol oynamışdır.
Tarixin müxtəlif dövrlərində formalaşaraq əsrlər boyu qorunub saxlanılan, nəsildən-nəslə ötürülərək zənginləşdirilən bu mənəvi sərvətlər Azərbaycan xalqının özünəməxsusluğunun və tarixi varisliyinin mühüm göstəricisidir. Milli dəyərlərin mühafizəsi, onların müasir dövrün tələblərinə uyğun şəkildə yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın öz xalqı və Vətəni qarşısında daşıdığı mühüm mənəvi məsuliyyət və vəzifədir.
Bu zəngin dövlətçilik ənənələrinin formalaşmasında və gələcək nəsillərə ötürülməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti, uzaqgörən qərarları və həyata keçirdiyi məqsədyönlü islahatlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını qoymuş, ölkənin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndər hər bir addımında milli maraqları, dövlət müstəqilliyinin qorunmasını və xalqın rifahını əsas prioritet kimi müəyyənləşdirmişdir. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli birliyin və dövlətçilik düşüncəsinin əsasını təşkil edən mühüm konsepsiya kimi formalaşdırmışdır. O, milli mədəniyyətimizi, mənəvi irsimizi və tarixi dəyərlərimizi yalnız xalqımızın milli kimliyini müəyyənləşdirən amillər kimi deyil, həm də müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli həmrəyliyin təmin olunmasına və dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə xidmət edən strateji dəyərlər kimi səciyyələndirirdi.
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinin və azərbaycançılıq ideologiyasının davam etdirilməsi müasir Azərbaycan gəncliyinin milli ruhda formalaşmasında mühüm rol oynayır. Gənclərin Vətənə bağlılığı, milli-mənəvi dəyərlərə ehtiramı və tarixi Zəfərin əldə olunmasında nümayiş etdirdikləri birlik, əzm və fədakarlıq onların yüksək vətənpərvərlik ruhunun bariz təzahürüdür. Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən bu tarixi hadisə gənc nəslin milli kimliyə, dövlətçilik ideallarına və Vətən qarşısında məsuliyyət hissinə bağlılığının əhəmiyyətini bir daha nümayiş etdirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi milli birlik, həmrəylik, əzmkarlıq və qəhrəmanlıq xalqımızın tarixi yaddaşında silinməz iz qoymuşdur. Bu Qələbə gənclərdə Vətənə məhəbbət, dövlətçilik ənənələrinə bağlılıq, milli qürur və məsuliyyət hisslərinin daha da güclənməsinə mühüm təsir göstərmişdir.
Qazanılmış tarixi Zəfər gənc nəslə bir daha sübut etdi ki, Vətənə sədaqət, milli birlik və dövlətə bağlılıq xalqın ən böyük mənəvi gücüdür. Bu baxımdan, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara tariximizin qəhrəmanlıq səhifələrinin öyrədilməsi, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi və qazilərimizin göstərdiyi fədakarlığın təbliği mühüm tərbiyəvi əhəmiyyət daşıyır. Gənc nəslin bu dəyərlər əsasında formalaşdırılması Azərbaycanın gələcək inkişafı və milli kimliyimizin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu gün də Azərbaycan cəmiyyətində milli adət-ənənələrin yaşadılması, mənəvi dəyərlərə hörmətin qorunması, vətənə məhəbbət və mədəni irsin təbliği xüsusi əhəmiyyət daşıyır. Müasir inkişaf prosesləri fonunda milli özünəməxsusluğun qorunması, tarixi yaddaşa və mənəvi köklərə bağlılığın möhkəmləndirilməsi cəmiyyətin mənəvi bütövlüyünün təmin olunmasının vacib şərtlərindəndir. Bu baxımdan, milli dəyərlərin yalnız qorunması deyil, həm də onların gənc nəslə aşılanması, ictimai şüurda möhkəmləndirilməsi və gələcək nəsillər tərəfindən davam etdirilməsi xüsusi aktuallıq kəsb edir.
Azərbaycanda, dünyanın bir çox ölkəsində olduğu kimi, uşaqların və gənclərin milli-mənəvi, əxlaqi dəyərlər əsasında təhsilinə, tərbiyəsinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Bu, mənəvi cəhətdən zəngin, yüksək əxlaqi keyfiyyətlərə malik, intellektual cəhətdən inkişaf etmiş və sosial məsuliyyət hissi formalaşmış şəxsiyyətin yetişdirilməsinin müasir cəmiyyətin ən mühüm vəzifələrindən biri olması ilə şərtlənir. Təhsil və tərbiyə yalnız biliklərin ötürülməsi və peşə bacarıqlarının formalaşdırılması vasitəsi deyil, eyni zamanda milli kimliyin, tarixi yaddaşın, mədəni irsin nəsildən-nəslə ötürülməsinin və xalqın mənəvi sərvətlərinin qorunmasının mühüm mexanizmləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirdiyi “Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik” fikri milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fikir xüsusilə gənc nəslin milli ruhda tərbiyə olunması, onlarda tarixi irsə, milli adət-ənənələrə və mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması kontekstində aktuallıq daşıyır.
Sözügedən yanaşma gənc nəslə milli kimliyin qorunmasının yalnız keçmişə bağlılıq deyil, eyni zamanda milli-mənəvi irsin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduğunu aşılayır. Bu baxımdan, təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Təlim-tərbiyə prosesində milli dəyərlərin təbliği, vətənpərvərlik hissinin gücləndirilməsi, ana dilinə, tarixə və mədəni irsə bağlılığın aşılanması gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Səbinə Cəfərova,
Bakı Slavyan Universiteti



