AnalitikaGündəmSiyasət

Məktəblərdə geyim tələbləri təhsil mədəniyyətinin mühüm tərkib hissəsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin formalaşmasında mühüm rol oynayan strateji sahədir. Azərbaycanda təhsil siyasətinin əsas məqsədlərindən biri müasir biliklərə yiyələnmiş, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmət edən, məsuliyyətli vətəndaşların yetişdirilməsidir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi məktəbdaxili nizam-intizamın, vahid yanaşmanın və sağlam təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında vurğulanan ideoloji təhlükəsizlik məsələləri də təhsilin cəmiyyət həyatındakı strateji əhəmiyyətini ön plana çıxarır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi uşaqların və gənclərin düzgün məlumatlandırılmasını, onların tənqidi düşüncə qabiliyyətinin və vətənpərvərlik ruhunun gücləndirilməsini zəruri edir. Keyfiyyətli təhsil, milli dəyərlərə bağlılıq və hüquqi düşüncə cəmiyyətin müxtəlif zərərli ideoloji təsirlərə qarşı dayanıqlılığını artıran əsas amillərdəndir.

Məktəblər yalnız bilik verilən müəssisələr deyil, həm də şəxsiyyətin formalaşdığı, davranış mədəniyyətinin və vətəndaşlıq məsuliyyətinin inkişaf etdiyi mühüm ictimai məkanlardır. Vahid məktəbli forması şagirdlər arasında bərabərlik, kollektivə aidlik və məsuliyyət hissini gücləndirir, geyimlə bağlı sosial-iqtisadi fərqlərin qabardılmasının qarşısını almağa kömək edir. Şagirdlərin müəyyən edilmiş geyim formasında dərsə gəlməsi, geyimlərini təmiz və səliqəli saxlaması məktəbdaxili qaydalara hörmətin göstəricisidir.

Təhsilverənlərin geyimi ilə bağlı tələblər də məktəbdə peşəkar iş mühitinin yaradılmasına xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq tələblərə əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim müəllimin əmək funksiyalarını yerinə yetirməsinə mane olmamalı, pedaqoji fəaliyyətin xarakterinə və məktəbin işgüzar mühitinə uyğun seçilməlidir. Müəllimin peşəkar görünüşü şagirdlərdə davranış mədəniyyətinin, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşmasına müsbət təsir göstərir.

Geyim qaydalarının hüquqi əsasları da mövcuddur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda ümumi təhsil sahəsində dövlət siyasətinin prinsiplərindən biri millilik və dünyəvilik kimi müəyyən edilib. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə məktəbli geyim formalarına dair tələblərə edilmiş əlavələrdə müəyyən olunmuş formanın vahidliyinin qorunması və dünyəvi təhsil prinsipinə uyğunluq məsələləri əksini tapıb. Eyni zamanda, 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarının təsdiqi direktorun səlahiyyətlərinə daxildir.

Dünyəvi təhsil prinsipi dini inanclara hörmətlə yanaşmaqla yanaşı, tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini nəzərdə tutur. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı, tolerantlıq və multikulturalizm ənənələrinin formalaşdığı ölkədir. Dini etiqad azadlığına hörmət, milli-mənəvi dəyərlərin qorunması və təhsil müəssisələrində müəyyən edilmiş qaydalara riayət bir-birini tamamlayan məsələlərdir.

Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə qayğısı dini abidələrin bərpasında, dini icmalara dəstək göstərilməsində və dini maarifləndirmənin inkişafında da özünü göstərir. Son illərdə ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə məscidlərin və tarixi dini abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, dini təhsil imkanlarının genişləndirilməsi və “Hər məsciddə kitabxana” layihəsi də bu sahədə həyata keçirilən tədbirlər sırasındadır. Beynəlxalq miqyasda dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviqi Azərbaycanın tolerantlıq ənənələrinin tanıdılmasına töhfə verir.

Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəbdə vahid təşkilati mühitin, intizamın və peşəkar münasibətlərin formalaşdırılmasına yönəlib. Bu qaydaların səmərəli tətbiqi üçün məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında əməkdaşlıq gücləndirilməli, şagirdlərə tələblərin mahiyyəti izah olunmalı və hüquqi normalara ardıcıl riayət edilməlidir. Əsas məqsəd milli-mənəvi dəyərlərə bağlı, dünyəvi təhsil prinsiplərinə hörmət edən, savadlı, vətənpərvər və məsuliyyətli gənc nəslin yetişdirilməsidir.

Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button