
Azərbaycanın ən yüksək dağlıq rayonlarından olan Kəlbəcər zəngin təbii ehtiyatları, strateji coğrafi mövqeyi və qədim tarixi irsi ilə ölkəmizin mühüm bölgələrindən biridir. Lakin bu qədim yurd yeri müstəqillik tariximizin ən ağrılı sınaqlarından keçərək bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
1993-cü il martın sonlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində genişmiqyaslı hücuma keçdi. Aprelin 2-dən 3-nə keçən gecə rayon tamamilə işğal olundu. Bu işğal nəticəsində 500-dən çox dinc sakin həlak oldu, 60 minə yaxın kəlbəcərli öz doğma ev-eşiyindən didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur qaldı. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Kəlbəcərdən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsi isə 27 il ərzində kağız üzərində qaldı.
44 günlük Vətən müharibəsi nəticəsi olaraq imzalanan kapitulyasiya aktına əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan, əlavə itkilər verilmədən siyasi-diplomatik yolla Azərbaycana qaytarıldı. Ermənistan tərəfinin müraciəti ilə 10 gün uzadılan təhvil prosesi 2020-ci il noyabrın 25-də başa çatdı və Kəlbəcərdə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə bu tarixi gün hər il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Azad edildikdən dərhal sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Sərt dağlıq relyefə malik rayona ilin bütün fəsillərində təhlükəsiz gediş-gəlişi təmin etmək üçün Toğanalı–Kəlbəcər–İstisu və Kəlbəcər–Laçın avtomobil yolları çəkilir. Bu marşrutlar üzərində Murovdağ tuneli başda olmaqla çoxsaylı tunellər və körpülər inşa olunur. Rayonun enerji təminatı yenidən qurulub, yeni elektrik stansiyaları və yarımstansiyalar istismara verilib.Kəlbəcərin bol su ehtiyatlarından istifadə edilərək Vəng kəndində və digər ərazilərdə kiçik su elektrik stansiyaları tikilib istismara verilib. Yarımstansiyalar və yüksəkgərginlikli elektrik xətləri tam yenilənərək rayonun enerji dayanıqlığı təmin olunub.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına start verilib. Mərhələli şəkildə həyata keçirilən köç karvanları nəticəsində artıq yüzlərlə sakin Kəlbəcər şəhərinin yeni salınmış yaşayış məhəllələrində müasir mənzillərlə təmin olunub.
Bu gün Kəlbəcərin iqtisadi dirçəlişində turizm, kənd təsərrüfatı və yaşıl enerji əsas yer tutur. Məşhur İstisu mineral su zavodunun yenidən qurulması, eləcə də Vəng turizm-rekreasiya zonasının yaradılması layihələri rayonun iqtisadi potensialını hərəkətə gətirir. Qayıdan sakinlərin məşğulluğunun təmin olunması, müasir təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması Kəlbəcəri Şərqi Zəngəzurun ən dinamik inkişaf edən mərkəzlərindən birinə çevirir.
Kəlbəcərdə hazırda genişmiqyaslı şəhərsalma, nəqliyyat-kommunikasiya və yaşıl enerji layihələri paralel şəkildə icra olunur. Rayonda təbiətlə müasir memarlığın vəhdətinə əsaslanan yeni yaşayış massivləri salınır, eyni zamanda kəndlərin sıfırdan qurulması prosesi gedir. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Zar kəndində fərdi evinlərin tikintisi aparılır. Eyni zamanda Zallar, Yanşaq, Çaykənd, Çəpli və Dalqılınclı kəndləri üzrə şəhərsalma və layihələndirmə işləri icra edilir.
Beləliklə, Kəlbəcərin 1993-cü ilin aprelində başlayan ağır işğal tarixi 2020-ci il noyabrın 25-də Azərbaycan xalqının əzmi və siyasi-diplomatik iradəsi nəticəsində əbədi olaraq arxada qaldı. Bu gün dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış proqramı sayəsində dağıdılmış yurd yerləri müasir yaşayış məhəllələrinə, keçmiş məcburi köçkünlərin həsrəti isə doğma ocaqlarda yeni həyata çevrilir. Kəlbəcər həm zəngin təbii ehtiyatları və turizm potensialı, həm də strateji mövqeyi ilə Şərqi Zəngəzurun və bütün Azərbaycanın dayanıqlı inkişafına töhfə verən nümunəvi bir bölgə kimi yenidən doğulur.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



