Kəlbəcərin dağlarında yenidən doğulan həyat

Kəlbəcər Azərbaycanın təbiət möcüzələrindən biri hesab olunur. Əzəmətli dağ silsilələri, yaşıl meşələri, təmiz havası, zəngin mineral suları və füsunkar mənzərələri bu diyarı ölkəmizin ən seçilən bölgələrindən birinə çevirir. Kəlbəcərin hər guşəsi təbiətin yaratdığı nadir gözəllikləri, xalqımızın tarixini və əsrlər boyu formalaşmış yaşayış ənənələrini özündə yaşadır.
İşğal illərində bu gözəlliklərdən uzaq düşən kəlbəcərlilər doğma yurdun həsrəti ilə yaşadılar. Onların yaddaşında qalan kəndlər, evlər, bulaqlar və dağ yolları illər keçsə də unudulmadı. Kəlbəcər sakinləri üçün doğma torpağa qayıtmaq yalnız yaşayış yerini dəyişmək deyil, ailə tarixini, uşaqlıq xatirələrini və mənəvi bağlılıqlarını yenidən yaşatmaq demək idi.
2020-ci il noyabrın 25-də Kəlbəcərin azad edilməsi bu həsrətin sona çatması üçün tarixi imkan yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər nəticəsində rayon Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə Kəlbəcərin təbii sərvətlərinin və mədəni irsinin qorunması, bölgədə həyatın yenidən bərpası üçün yeni mərhələnin başlanğıcı oldu.
Hazırda Kəlbəcərdə aparılan tikinti və abadlıq işləri bölgənin simasını dəyişir. Müasir yollar, elektrik və digər kommunikasiya xətləri, yaşayış binaları və sosial infrastruktur obyektləri yaradılır. Eyni zamanda təbii sərvətlərin qorunması, ekoloji tarazlığın saxlanılması və ərazinin turizm potensialından səmərəli istifadə olunması qarşıda duran mühüm vəzifələrdəndir.
Kəlbəcərin dağlarında yenidən həyatın canlanması Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm göstəricisidir. Doğma yurda qayıdan ailələrin evlərində yanan işıqlar, küçələrdə eşidilən insan səsləri və yenidən qurulan yaşayış məntəqələri gələcəyə inamı artırır. Kəlbəcər artıq öz təbii gözəlliyi ilə yanaşı, azadlığın və yenidən doğuluşun rəmzi kimi də tanınır.
Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini



