
Füzuli Azərbaycanın qəhrəmanlıq tarixinin, milli iradəsinin və Böyük Qayıdışının rəmzlərindən biridir. Qarabağın cənub-şərqində yerləşən, zəngin tarixi və əlverişli coğrafi mövqeyi ilə seçilən bu qədim diyar uzun illər işğalın ağrı-acısını yaşasa da, doğma torpağa qayıdış ümidini heç vaxt itirmədi.
1993-cü il avqustun 23-də işğal edilən Füzuli 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azadlığına qovuşdu. Bu tarixi Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təntənəsi oldu. 17 Oktyabr – Füzuli şəhəri günü bu gün də böyük qürur və iftixar hissi ilə qeyd edilir.
Füzulinin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış şəhəri yenidən qurmaq, burada həyatın bərpasına və insanların doğma yurdlarına qayıdışına şərait yaratmaq idi. Prezident İlham Əliyevin Füzuliyə səfərləri bu prosesin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsində mühüm rol oynadı.
16 noyabr 2020-ci ildə dövlət başçısı Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlini qoydu. Bu, azad edilmiş torpaqlarda yeni quruculuq mərhələsinin başlanğıcı idi.
14 yanvar 2021-ci ildə Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlləri qoyuldu. Fevralın 14-də şəhərin Baş planı təsdiqləndi, 180 çarpayılıq xəstəxananın təməli qoyuldu, yeni avtomobil yollarının inşası ilə bağlı işlər nəzərdən keçirildi. Martın 15-də Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması bölgənin nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addım oldu.
İyunun 14-də Aşağı Köndələnçay su anbarına və avtomobil yollarında görülən işlərə baxış keçirildi, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyası istifadəyə verildi. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzulidə qarşılanması Azərbaycan-Türkiyə qardaşlığının əlamətdar hadisələrindən biri kimi yadda qaldı.
Avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında və Zəfər yolunda aparılan işlərlə tanışlıq keçirildi. Oktyabrın 17-də isə şəhərin azad edilməsinin birinci ildönümündə Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu.
Bütün bunlar göstərirdi ki, Füzulidə məqsəd yalnız dağıntıları aradan qaldırmaq deyil, müasir infrastruktur, rahat yaşayış şəraiti və geniş inkişaf imkanları yaratmaqdır.
Füzulinin dirçəlişində dost və qardaş ölkələrin dəstəyi də xüsusi yer tutur. Özbəkistan Respublikasının Füzulidə məktəb tikintisinə verdiyi dəstək Azərbaycan-Özbəkistan qardaşlığının əyani təzahürüdür. Bu, təkcə maddi yardım deyil, həm də gələcəyə, təhsilə və yenidən canlanan Qarabağa göstərilən mənəvi dəstəyin ifadəsidir.
Bu gün Füzuli azadlığın quruculuqla, Zəfərin inkişafla tamamlandığı bir diyardır. Yeni yollar, beynəlxalq hava limanı, sosial obyektlər və yaşayış məhəllələri şəhərin gələcəyə inamla addımladığını göstərir. Böyük Qayıdış prosesi isə doğma yurdlara qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərini gerçəkləşdirir.
17 Oktyabr – Füzuli şəhəri günü yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil. Bu tarix şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını, xalqımızın birliyini və dövlətimizin gücünü özündə birləşdirir.
Füzulinin keçdiyi yol işğaldan azadlığa, dağıntılardan dirçəlişə, Zəfərdən Böyük Qayıdışa uzanan yoldur. Bu yol Azərbaycanın tarixi qələbəsinin və sarsılmaz iradəsinin canlı salnaməsidir.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



