AnalitikaGündəmSiyasət

Bakıdan dünyaya sülh və həmrəylik çağırışı

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək geniş məzmunlu çıxış edib. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən bu mötəbər beynəlxalq tədbir mədəniyyətlərarası münasibətlərin inkişafı, qarşılıqlı anlaşmanın gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq dialoq məkanı kimi artan roluna, ölkəmizdə tarixən formalaşmış multikulturalizm ənənələrinə, xalqlar və dinlər arasında qarşılıqlı hörmətin qorunmasının vacibliyinə toxunub. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan beynəlxalq münasibətlərin inkişafına verdiyi töhfələri bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, multikulturalizm, dini və etnik tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlərdir. Ölkəmizdə müxtəlif etnik qrupların və dini icmaların nümayəndələri bərabər hüquqlara malikdir, cəmiyyətimizdə qarşılıqlı hörmət və həmrəylik mühiti hökm sürür. Bu dəyərlər Azərbaycanın ictimai sabitliyinin və milli birliyinin əsas dayaqlarındandır.

Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məsələlərdən biri dünyada artan münaqişələr və beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması zərurəti olub. Prezident İlham Əliyev bildirib ki, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək, onlara necə yaşamaq və hansı qərarları qəbul etmək barədə göstəriş vermək yolverilməzdir. Prezident İlham Əliyevin fikirlərində beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası, dövlətlər arasında ayrı-seçkiliyə və ikili standartlara yol verilməməsi məsələləri də xüsusi yer tutub. Ədalətli beynəlxalq nizamın formalaşması üçün bütün ölkələrə eyni prinsiplərlə yanaşılması vacibdir.

Prezident İlham Əliyev çıxışında müstəqilliyin bərpasından ötən 35 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərə də diqqət çəkib. Dövlət başçısı ölkəmizin iqtisadi inkişafını, enerji təhlükəsizliyinə verdiyi töhfələri, nəqliyyat-kommunikasiya imkanlarını və beynəlxalq tərəfdaşlıqlarını Azərbaycanın artan nüfuzunun mühüm göstəriciləri kimi təqdim edib. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal məsələlərin müzakirəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Müasir dünyada informasiya müharibələrinin, dini və etnik ayrı-seçkiliyin, qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə bu cür təşəbbüslərin əhəmiyyəti daha da yüksəlir. Çünki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, həm də insanların bir-birinin dəyərlərinə, inanclarına və mədəni irsinə hörmət etməsi ilə möhkəmlənir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm ənənələrini, müstəqil dövlətçilik mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirib. Dövlət başçısının səsləndirdiyi fikirlər mədəniyyətlərarası dialoqun yalnız humanitar məsələ olmadığını, həm də qlobal təhlükəsizliyin, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm şərti olduğunu ön plana çıxarıb.

Azərbaycan bu gün zəngin tarixi-mədəni irsinə, tolerantlıq ənənələrinə və fəal xarici siyasətinə əsaslanaraq dünya xalqları arasında dostluq və anlaşma münasibətlərinin möhkəmləndirilməsinə töhfə verir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə bir daha təsdiqləyir ki, ortaq gələcəyə aparan yol qarşıdurmadan deyil, dialoqdan, ayrı-seçkilikdən deyil, qarşılıqlı hörmətdən və etimaddan keçir.

Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button