AnalitikaDünyaGündəmSiyasət

Bakı Forumu: Mədəniyyətlərarası dialoq və ortaq gələcəyə doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər ölkəmizin beynəlxalq humanitar əməkdaşlıq sahəsində mövqeyinin və sülhə verdiyi töhfənin əhəmiyyətini bir daha nümayiş etdirdi.

“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumun 100-dən artıq ölkəni təmsil edən 2000-dən çox iştirakçını bir araya gətirməsi tədbirin beynəlxalq miqyasını və aktuallığını təsdiqləyir. Dövlət başçısı çıxışında 2011-ci ildən etibarən keçirilən forumların ötən müddətdə mədəniyyətlərarası münasibətlərin inkişafı üçün səmərəli və əhatəli platformaya çevrildiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynadığını, ölkəmizdə multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin əsrlər boyu qorunub saxlanıldığını qeyd etdi. Bildirildi ki, müxtəlif xalqların və dini icmaların qarşılıqlı hörmət, bərabərlik və həmrəylik şəraitində yaşaması Azərbaycanın sabit inkişafının mühüm amillərindəndir. Azərbaycançılıq ideyası isə cəmiyyətin birliyini və milli həmrəyliyini möhkəmləndirən əsas dəyərlərdən biridir.

Dövlət başçısının çıxışında beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunması məsələləri də xüsusi yer tutdu. Prezident vurğuladı ki, xalqlar arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq qlobal münaqişələrin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Çıxışın diqqətçəkən məqamlarından biri Azərbaycanın münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı fikirlər oldu. Bu yanaşma göstərir ki, davamlı inkişafın əsas şərti qarşıdurma deyil, dialoq və qarşılıqlı anlaşmadır.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, humanitar diplomatiyasının və multikultural dəyərlərə sadiqliyinin mühüm göstəricisidir. Bakıdan dünyaya ünvanlanan əsas mesaj isə aydındır: fərqliliklər qarşıdurma mənbəyi deyil, ortaq gələcəyin qurulması üçün zənginlik və imkan olmalıdır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button