AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanda multikulturalizm xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir, fəlsəfəsidir və milli kimliyimizin ayrılmaz hissəsidir

Cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında toxunduğu mühüm mövzulardan biri də Azərbaycandakı multikulturalizm mühiti oldu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, multikulturalizm Azərbaycan xalqının tarixi yaddaşında və gündəlik həyatında dərin köklərə malikdir: “Azərbaycanda multikulturalizm sadəcə dövlət siyasəti deyil, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir, fəlsəfəsidir və milli kimliyimizin ayrılmaz hissəsidir.”

Ölkəmizdə əsrlər boyu müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşamışlar. Bu tarixi ənənə bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasətin özəyini təşkil edir və uğurla davam etdirilir.

Azərbaycan cəmiyyətində heç vaxt milli, dini və ya irqi zəmində heç bir ayrı-seçkilik və ya qarşıdurma baş verməmişdir, əksinə, müxtəliflik hər zaman ölkəmizin əsas üstünlüyü və sərvəti kimi qiymətləndirilmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dövlət səviyyəsində multikulturalizmin inkişafına xüsusi diqqət yetirilir, məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir və dövlət tərəfindən qorunur. Dünyanın bir çox ölkələrində multikulturalizm modellərinin böhran keçirdiyi bir dövrdə, Azərbaycan bu sahədə uğurlu və davamlı nümunə təqdim edir.

Forumda səslənən fikirlər göstərir ki, Azərbaycan dövləti mədəni müxtəlifliyin qorunmasını yalnız daxili siyasət deyil, həm də qlobal miqyasda sülhün təmin edilməsinin vacib şərti hesab edir. Ölkəmizdə hər bir vətəndaşın dini və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olması cəmiyyətimizin sağlam təməllər üzərində qurulduğunu göstərir.

Dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tamhüquqlu sahibi və övladı hiss edir. Bu qarşılıqlı etimad və həmrəylik mühiti ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasında əsas amillərdən biridir. Beynəlxalq ekspertlər də dəfələrlə etiraf etmişlər ki, Azərbaycanın təcrübəsi multikulturalizmin praktiki müstəvisində ən mükəmməl nümunələrdən biridir. Forumda iştirak edən xarici qonaqlar Azərbaycandakı dini və milli dözümlülük mühitini böyük maraq və heyranlıqla izlədiklərini bildirdilər. Prezidentin bu istiqamətdəki səyləri ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərin qovuşma nöqtəsi kimi tanınmasını təmin etmişdir. Azərbaycan xalqının qonaqpərvərliyi və tolerantlığı əsrlər boyu sınaqlardan çıxmış və bu gün də öz aktuallığını qoruyub saxlamışdır.

Mədəniyyətlərarası dialoqun inkişafı üçün ilk növbədə daxildə mövcud olan həmrəylik vacibdir və Azərbaycan bu baxımdan digər dövlətlərə örnək ola bilər. Dövlət başçısı vurğuladı ki, dünyada baş verən qlobal proseslər fonunda cəmiyyətlərin daxili sabitliyini təmin etmək üçün tolerantlıq dəyərləri daha da gücləndirilməlidir. Azərbaycan bu istiqamətdə öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməyə hər zaman hazırdır və bu məqsədlə müxtəlif beynəlxalq platformalardan istifadə edir. Multikulturalizm dəyərlərinin təbliği gənc nəslin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında da müstəsna rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti məhz bu sağlam təməllərə söykənir. Azərbaycanın həm daxildə, həm də xaricdə yürütdüyü siyasət mədəniyyətlərarası dialoqun dərinləşməsinə xidmət edir. Beləliklə, Azərbaycanda multikulturalizm təkcə keçmişin mirası deyil, həm də parlaq gələcəyin təminatçısıdır. Bu siyasət xalqımızı daha da sıx birləşdirir və ölkəmizin qüdrətini artırır. Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz dəyərlərinə sadiq qalaraq qlobal miqyasda sülh və əməkdaşlıq ideyalarını fəal şəkildə müdafiə edir.

Qönçə Babayeva,
Nizami rayonu 61 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button