AZƏRBAYCANDA AKKREDİTƏ OLUNMUŞ DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİNİN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA SƏFƏRİNƏ ERMƏNİSTAN SİYASİ VƏ İCTİMAİ MÜHİTİNDƏ VERİLƏN REAKSİYALAR

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırmışdır. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun bərpası regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, ata- baba yurdundan didərgin düşmüş insanların doğma torpaqlarına qayıdışı təmin edilir.
Təbii ki bu zaman görülən işlərin beynəlxalq ictimaiyyətə yerində təqdim edilməsi xüsusilə vacibdir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri də məhz bu məqsədə xidmət edir. 11–12 sentyabr 2026-cı il tarixlərində keçirilmiş növbəti səfər miqyası və iştirakçıların tərkibi baxımından xüsusi diqqət çəkmişdir. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Bu, 2020-ci ildən etibarən diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə 22-ci səfəri olmuşdur. Azərbaycan üçün bu səfər yalnız protokol tədbiri deyil. Xarici diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan işləri yerində müşahidə etməsi ölkəmizin yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa çatdırması baxımından mühüm əhəmiyyət daşıyır. Eləcə də diplomatların bərpa-quruculuq layihələri, sosial-iqtisadi obyektlər, tarixi və dini abidələrlə tanışlığı Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf modelinin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində xarici diplomatların hərəkəti və ölkənin müxtəlif regionları ilə tanışlığı normal diplomatik praktikanın tərkib hissəsidir. Səfər iştirakçılarına Qarabağ və Şərqi Zəngəzurun keçmiş işğal dövründə üzləşdiyi dağıntılar, hazırda həyata keçirilən bərpa işləri və əhalinin qayıdış prosesi barədə məlumatların təqdim olunması ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
Səfərin başa çatmasından dərhal sonra Ermənistanın bir sıra siyasi və media resurslarında kəskin reaksiyalar meydana çıxmışdır. Ermənistanın “Artsax İttifaqı” adlı qurumunun 14 sentyabr tarixli bəyanatında səfər “təbliğat aləti” kimi təqdim edilmiş, diplomatların Qarabağa səfəri sərt ifadələrlə tənqid olunmuşdur. Bəyanatda Gəncəsər və Xudavəngin tarixi-mədəni mənsubiyyəti ilə bağlı Azərbaycanın təqdim etdiyi yanaşma da etirazla qarşılanmışdır. Ermənistan media məkanında yayılan bu materialların mühüm xüsusiyyəti səfərin özünün deyil, onun Azərbaycanın suverenliyinin və Qarabağda yeni reallıqların beynəlxalq nümayəndələrə
nümayiş etdirilməsi kimi nəticəsinin hədəfə alınmasıdır. Ermənistanın müəyyən siyasi dairələri üçün Qarabağ mövzusu hələ də daxili siyasi mobilizasiya vasitəsi olaraq qalır.
Digər diqqətçəkən məqam tarixi-mədəni irs məsələsinin siyasi mübahisənin əsas elementlərindən birinə çevrilməsidir. Gəncəsər və Xudavəng kimi abidələrin tarixi mənsubiyyəti ətrafında səsləndirilən iddialar əslində daha geniş informasiya mübarizəsinin tərkib hissəsidir. Azərbaycan tərəfinin mövqeyində Qafqaz Albaniyası irsinin Azərbaycan tarixinin ayrılmaz hissəsi olması, Ermənistan tərəfinin müəyyən dairələrində isə həmin irsin erməni mədəni irsi kimi təqdim olunması ön plana çəkilir. Ermənistan mediası,ictimaiyyəti və siyasi elitası bu abidələrin xristian dini ilə bağlı olduğunu əsas gətirərək, mütləq şəkildə “erməni mədəniyyəti” adlandırmağa çalışır. Lakin unutduqları və ya xatırlamaq istəmədikləri mühüm məsələ budur ki, erkən orta əsrlər Qafqaz Albaniyası xristianlığı dövlət dini səviyyəsinə qaldırmış və bir çox belə xristian dini abidələrini inşa etdirmişdir. Bu gün Azərbaycan ərazisində hakim din İslam dini olsa da bu o demək deyil ki, Azərbaycan öz xristian keçmişənə sahib çıxmayacaq və ya onların tarixi varisliyini itirəcək. Sadəcə olaraq Ermənistan ictimaiyyəti xristianlıqdan hər zaman siyasi məqsədləri üçün istifadə etmişdir. Bu da həmin siyasətin davamıdır. Beləliklə, Azərbaycan tərəfi bu tarixi abidələrin qorunması ilə bağlı tədbirlərə diqqət ayırırsa, Ermənistan tərəfi tarixi irs məsələsini elmi müzakirə çərçivəsindən çıxararaq siyasi təzyiq vasitəsinə çevirməyə çalışır.
14 sentyabrda Ermənistan parlamentində səsləndirilən fikirlər də reaksiyanın yalnız media səviyyəsində qalmadığını göstərmişdir. Parlamentdə Gəncəsərin tarixi mənsubiyyəti ilə bağlı hökumətdən mövqe tələb olunması məsələnin Ermənistanın daxili siyasi gündəliyinə daşındığını göstərir. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın həmin fikirlərə cavabında belə yanaşmaların əsassız olduğunu və sülhün möhkəmləndirilməsinə xidmət etmədiyini bildirməsi isə Ermənistan siyasi elitası daxilində məsələyə yanaşmaların fərqli olduğunu göstərir. Ermənistanın müəyyən siyasi dairələrində və media resurslarında müşahidə olunan kəskin reaksiyaların kökündə, ilk növbədə, Qarabağ ətrafında formalaşmış yeni siyasi reallığın qəbul edilməsi problemi dayanır. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, Qarabağda Azərbaycan dövlətinin konstitusion quruluşu təmin edilmişdir. Bu reallıq artıq yalnız siyasi bəyanat deyil, ərazidə həyata keçirilən genişmiqyaslı dövlət quruculuğu və bərpa prosesləri ilə təsdiqlənən faktiki vəziyyətdir.
Xarici diplomatların Qarabağa səfəri həmin reallığın beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidəsinə imkan verir. Buna görə də səfərin Ermənistanın müəyyən siyasi dairələrində narahatlıq yaratması təsadüfi deyil. Diplomatların bərpa olunan şəhərləri, yeni infrastruktur obyektlərini və tarixi-mədəni məkanları görməsi Qarabağ haqqında yalnız əvvəlki illərdən formalaşmış siyasi təsəvvürlərlə deyil, mövcud vəziyyətlə tanış olmaq imkanı yaradır.
Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən tarixi-mədəni irs Azərbaycan dövlətinin xüsusi diqqətindədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinin mühüm istiqamətlərindən biri də tarixi və dini abidələrin inventarlaşdırılması, tədqiqi, konservasiyası və bərpasıdır. Dövlətin yanaşması ondan ibarətdir ki, bu ərazilərdə mövcud olan bütün tarixi və mədəni irs nümunələri qorunmalı, onların tarixi haqqında obyektiv elmi araşdırmalar aparılmalıdır. Bu baxımdan Gəncəsər və Xudavəng ətrafında aparılan mübahisələr yalnız iki tərəfin siyasi mövqeləri kimi deyil, həm də tarixşünaslıq və mədəni irs məsələsi kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi həmin abidələrin Qafqaz Albaniyası tarixi ilə bağlılığını vurğulayır. Qafqaz Albaniyası irsi Azərbaycan tarixinin mühüm tərkib hissəsidir və onun tədqiqi ölkəmizdə aparılan arxeoloji, tarixi və memarlıq araşdırmalarının mühüm istiqamətlərindəndir.
Ermənistanın ayrı-ayrı siyasi və ictimai dairələrinin bu mövqeyə qarşı kəskin ritorikadan istifadə etməsi isə elmi müzakirəni siyasiləşdirir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, tarixi irsin mənsubiyyəti siyasi şüarlarla deyil, elmi araşdırmalar, arxeoloji və epiqrafik materiallar, memarlıq xüsusiyyətləri və tarixi mənbələrin kompleks təhlili əsasında müəyyənləşdirilməlidir. Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə dini və mədəni irsin qorunmasına dair gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması mühüm informasiya və diplomatik əhəmiyyət daşıyır. Ermənistanın müəyyən dairələrində səfərə qarşı kəskin kampaniyanın aparılması ziddiyyətli vəziyyət yaradır: bir tərəfdən sülhə ehtiyac və regionda sabitlik barədə fikirlər səsləndirilir, digər tərəfdən Azərbaycanın suveren ərazilərində həyata keçirilən diplomatik səfərlər hədəfə alınır. Belə yanaşmalar etimadın formalaşmasını çətinləşdirir.Azərbaycan üçün dayanıqlı sülh yalnız silahlı qarşıdurmanın olmaması deyil, həm də dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə hörmət etməsi deməkdir. Qarabağ və Şərqi Zəngəzur məsələsində bu prinsipial yanaşma Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir.
Abdullayev Murad,
Xəzər rayonu, 92 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi
