Ağdamın dirçəlişi – tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

Hər il noyabrın 20-də qeyd olunan Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin gücünü və Böyük Qayıdışın başlanğıcını təcəssüm etdirən əlamətdar tarixdir. Qarabağın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi və mədəni irsi ilə seçilən Ağdam bu gün Azərbaycanın Zəfər salnaməsinin mühüm səhifələrindən birinə çevrilib.
Ağdam tarixən Qarabağın iqtisadi, mədəni və ictimai həyatında mühüm rol oynayıb. Pənahəli xanın İmarəti, Ağdam Cümə məscidi və digər tarixi abidələr şəhərin qədim keçmişindən xəbər verir. Muğam ənənələri, zəngin folkloru, ziyalıları və zəhmətkeş insanları ilə tanınan Ağdam xalqımızın milli-mənəvi irsində xüsusi yer tutur.
Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin həyatında ağır və faciəli dövrün başlanğıcı oldu. Təxminən 27 il davam edən işğal müddətində Ağdamın yaşayış binaları, məktəbləri, mədəniyyət müəssisələri və tarixi abidələri dağıdıldı, şəhər xarabalığa çevrildi. Minlərlə insan doğma torpaqlarından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Ağdam noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın birliyinin parlaq təzahürü oldu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş Planına uyğun olaraq müasir yaşayış məhəllələri, sosial obyektlər, yollar, təhsil və səhiyyə müəssisələri inşa olunur. Sənaye Parkının fəaliyyəti, nəqliyyat infrastrukturunun inkişafı və Böyük Qayıdış proqramı bölgənin iqtisadi potensialının bərpasına mühüm töhfə verir. Doğma yurdlarına qayıdan sakinlərin yeni həyata başlaması bu quruculuğun ən mühüm nəticəsidir.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız azadlığın deyil, həm də milli birliyin, dövlət gücünün və gələcəyə inamın təntənəsidir. Bu gün yenidən qurulan Ağdam Azərbaycanın quruculuq əzminin, tarixi yaddaşına bağlılığının və qüdrətli dövlətçilik siyasətinin canlı nümunəsidir.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



