
Qarabağın hər qarış torpağı Azərbaycanın tarixini,
milli yaddaşını və qəhrəmanlıq salnaməsini özündə yaşadır. Bu torpaqlar arasında Ağdamın xüsusi yeri var. Bir zamanlar Qarabağın ən böyük, ən gözəl və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam uzun illər işğalın ağır nəticələri ilə üz-üzə qalmış, dağıntılara və vandalizmə məruz qalmışdır. Lakin Azərbaycan xalqının iradəsi, dövlətimizin qətiyyəti və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində Ağdam yenidən öz sahibinə qovuşmuşdur. Bu gün 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın Zəfər sevincini, tarixi ədalətin bərpasını və doğma yurda qayıdış ümidini təcəssüm etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdamın gələcək taleyi ilə bağlı qətiyyətli mövqeyini ifadə edərək demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Dövlət başçısının bu fikirləri Azərbaycanın işğaldan azad edilmiş əraziləri yenidən qurmaq əzmini və doğma torpaqların dirçəldilməsinə olan böyük diqqətini nümayiş etdirir.
Ağdam qədim və zəngin tarixə malik Azərbaycan torpaqlarından biridir. Qarabağın mühüm mədəni, iqtisadi və ictimai mərkəzlərindən olan bu şəhər tarixən özünəməxsus memarlığı, sənətkarlığı, musiqi ənənələri və qonaqpərvər insanları ilə tanınmışdır. Bölgənin tarixi abidələri arasında Şahbulaq qalası, Pənahəli xanın sarayı və İmarət kompleksi, Qiyaslı məscidi xüsusi əhəmiyyət daşıyır. Bu abidələr Qarabağ xanlığının tarixini, Azərbaycan memarlıq sənətinin inkişafını və xalqımızın qədim dövlətçilik ənənələrini özündə əks etdirir.
Ağdam yalnız tarixi-mədəni baxımdan deyil, elmi-arxeoloji cəhətdən də mühüm əhəmiyyətə malikdir. Bölgədə aparılan arxeoloji araşdırmalar burada qədim yaşayış məskənlərinin, maddi-mədəniyyət nümunələrinin və müxtəlif tarixi dövrlərə aid izlərin mövcudluğunu ortaya qoyur. Bu ərazilərin öyrənilməsi Azərbaycan xalqının tarixi keçmişinin daha dərindən araşdırılması baxımından mühüm rol oynayır. Ağdamın hər bir tarixi abidəsi, hər bir qədim yaşayış yeri xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir.
Təəssüf ki, uzun illər davam edən işğal Ağdamın tarixi simasına ağır zərbə vurmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində şəhərin yaşayış binaları, məktəbləri, mədəniyyət müəssisələri, tarixi və dini abidələri dağıdılmış, şəhər demək olar ki, yerlə-yeksan edilmişdir. Bir vaxtlar həyatın qaynayıb-qarışdığı Ağdam xarabalığa çevrilmiş, qəbiristanlıqlar və müqəddəs məkanlar belə vandalizmə məruz qalmışdır. Ağdam məscidinin uzun illər mal-qara saxlanılan yerə çevrilməsi isə dini və mənəvi dəyərlərə qarşı törədilmiş hörmətsizliyin bariz nümunəsidir. Bu dağıntılar yalnız şəhərin fiziki görünüşünə deyil, həm də minlərlə insanın xatirələrinə, taleyinə və mənəvi dünyasına vurulmuş zərbə idi. Ağdamın acı mənzərəsi beynəlxalq ictimaiyyətə işğalın və müharibə cinayətlərinin əsl mahiyyətini göstərən faktlardan biridir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması ilə şəhərin tarixində yeni mərhələ başlandı. Bu tarix təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdış ümidinin gerçəkləşməsi demək idi. Ağdamın azad olunması Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın birliyinin və Ordumuzun gücünün növbəti təntənəsi oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın bərpası istiqamətində genişmiqyaslı quruculuq işlərinə başlanıldı. 2022-ci ildə təsdiq edilən “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Baş plana əsasən, Ağdam müasir yaşayış məhəllələri, geniş yaşıllıq zonaları, sosial obyektləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri ilə seçilən yeni şəhərə çevriləcək. Burada müasir şəhərsalma yanaşmaları ilə yanaşı, tarixi-mədəni irsin qorunmasına da xüsusi diqqət yetirilir. Məqsəd Ağdamı yalnız yenidən qurmaq deyil, onu gələcək nəsillər üçün daha gözəl, rahat və müasir yaşayış məkanına çevirməkdir.
Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da mühüm istiqamətlərdən biridir. Bərdə-Ağdam avtomobil yolunun inşası və istifadəyə verilməsi bölgənin nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm addım olmuşdur. Bununla yanaşı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirəcək, sərnişin və yük daşımalarının inkişafına şərait yaradacaqdır. Bu layihələr Ağdamın gələcək iqtisadi və sosial inkişafında mühüm rol oynayacaq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdama səfərləri şəhərin yenidən qurulması prosesinə verilən böyük əhəmiyyətin göstəricisidir. 2021-ci il mayın 28-də Prezidentin Ağdama səfəri zamanı bir sıra mühüm layihələrin təməli qoyulmuşdur. Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi keçirilmiş, şəhərin meşə-parkında dağdağan ağacları əkilmiş, Ağdamda ilk yaşayış binasının və Sənaye Parkının təməli qoyulmuşdur. Eyni zamanda, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanışlıq olmuş, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimləri keçirilmişdir. Ağdam şəhər 1 nömrəli məktəbin yeni binasının və şəhərin bərpasının təməl daşının qoyulması da bu səfərin mühüm hadisələrindən olmuşdur. Prezident Qiyaslı məscidi və Şahbulaq qalası ilə də tanış olmuş, tarixi abidələrin qorunmasının vacibliyini bir daha diqqətə çatdırmışdır.
2023-cü il dekabrın 24-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri zamanı şəhərin inkişafı istiqamətində yeni layihələrin əsası qoyulmuş və bir sıra mühüm obyektlərin açılışı həyata keçirilmişdir. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası istifadəyə verilmiş, şəhərdə dördüncü və beşinci yaşayış komplekslərinin təməli qoyulmuşdur. İmarət Kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq, Mərkəzi parkın təməlqoyma mərasimi və şəhərin daxili yollarında görülən işlərlə tanışlıq səfərin mühüm məqamları olmuşdur. Həmin gün Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlqoyma mərasimləri keçirilmiş, Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilmişdir. Bərdə-Ağdam avtomobil yolunun açılışı isə bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hadisə olmuşdur.
2025-ci il fevralın 18-də dövlət başçısının Ağdama səfəri zamanı şəhərdə həyata keçirilən tikinti və quruculuq işləri ilə tanışlıq davam etmişdir. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı bölgənin rəqəmsal inkişafı baxımından mühüm hadisə olmuşdur. Eyni zamanda, Ağdam şəhərində inşa edilən “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, “Ağdam Residence” yaşayış kompleksində və ikinci yaşayış kompleksində aparılan işlərə baxış keçirilmişdir. Bir nömrəli körpələr evi-uşaq bağçasında və şəhər 1 nömrəli tam orta məktəbində görülən tikinti işləri ilə tanışlıq isə gələcəkdə Ağdamda yaşayacaq ailələrin sosial rifahının təmin edilməsinə yönəlmiş tədbirlərin tərkib hissəsi idi.
2025-ci il iyulun 18-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı daha bir sıra mühüm obyektlərin açılışı həyata keçirilmişdir. Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılması bölgədə sənaye potensialının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Həmin gün Ağdam şəhər 1 nömrəli tam orta məktəbin yeni binası və 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir. Bu təhsil müəssisələri şəhərə qayıdan ailələrin övladlarının keyfiyyətli təhsil və məktəbəqədər təlim-tərbiyə imkanlarından yararlanmasına xidmət edir. Eyni zamanda, Qiyaslı kəndində yerləşən tarixi məscidin bərpadan sonra açılması Ağdamın dini-mədəni irsinin qorunması istiqamətində görülən işlərin mühüm nəticəsidir.
Bu gün Ağdamda aparılan quruculuq işləri yalnız binaların, yolların və infrastruktur obyektlərinin inşası ilə məhdudlaşmır. Burada yeni həyat formalaşır, doğma yurda qayıdan insanlar öz evlərinə, torpaqlarına və xatirələrinə qovuşurlar. Ağdam Sənaye Parkının fəaliyyəti, yaşayış komplekslərinin tikintisi, təhsil və mədəniyyət müəssisələrinin yaradılması şəhərin iqtisadi və sosial inkişafına yeni imkanlar açır. Ağdamın gələcəyi həm də onun tarixi kimliyinin qorunması, mədəniyyətinin yaşadılması və gənc nəslə ötürülməsi ilə bağlıdır.
Ağdamın dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqımızın quruculuq əzminin və tarixi torpaqlarımıza bağlılığının parlaq nümunəsidir. Bir vaxtlar dağıntılar içində qalan şəhərdə bu gün yeni binalar ucalır, yollar çəkilir, məktəblər açılır, parklar salınır. Ağdam yenidən Qarabağın mühüm mərkəzlərindən birinə çevrilmək yolunda inamla irəliləyir.
20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və iftixar tarixidir. Bu gün biz yalnız Ağdamın azad olunmasını deyil, həm də onun yenidən qurulmasını, dirçəlməsini və gələcəyə doğru inamlı addımlarını qeyd edirik. Ağdamın taleyi bir daha sübut edir ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmağı, tarixi yaddaşını qorumağı və dağıdılmış yurdlarını yenidən qurmağı bacarır.
Ağdam yenidən qurulur, Ağdamda həyat canlanır, Ağdam öz əvvəlki şöhrətinə qovuşur! Bu gün Ağdamın səmasında yüksələn hər bir tikili, salınan hər bir bağ və çəkilən hər bir yol xalqımızın Zəfərinin, birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür. Ağdamın gələcəyi parlaqdır!
Xanım İsmayıl,
YAP fəalı, Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi



