
Beynəlxalq münasibətlərdə elə sənədlər var ki, onlar yeni əməkdaşlığın başlanğıcından daha çox, illər ərzində formalaşmış siyasi iradənin və qarşılıqlı etimadın rəsmi təsdiqinə çevrilir. Noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin imzaladığı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də məhz bu baxımdan əlamətdar hadisədir. Sənəd iki ölkə arasında münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə yanaşı, gələcək əməkdaşlığın prioritetlərini də müəyyənləşdirir.
Diqqətçəkən məqamlardan biri budur ki, tərəflər münasibətlərin strateji xarakterinin Bəyannamənin imzalanmasından əvvəl də mövcud olduğunu xüsusi vurğulayıblar. Deməli, Dublin sənədi münasibətlərdə yeni səhifə açmaqdan daha çox, uzun illər ərzində siyasi, iqtisadi və enerji sahələrində qurulmuş tərəfdaşlığın daha geniş və sistemli çərçivəyə salınması deməkdir. Bu mərhələyə necə gəlib çatdığımızı anlamaq üçün Azərbaycan–Britaniya əlaqələrinin tarixinə və keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir.
Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin tarixi XIX əsrin sonu – XX əsrin əvvəllərində, Bakının neft sənayesinin beynəlxalq əhəmiyyət qazandığı dövrə gedib çıxır. Həmin illərdə Britaniya kapitalının Azərbaycan neft sənayesinə marağı iki ölkə arasında iqtisadi əlaqələrin ilkin əsaslarını formalaşdırmışdı. Lakin müasir dövlətlərarası münasibətlərin başlanğıcı Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrə təsadüf edir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyan ilk Qərb ölkələrindən biri olub. Diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Həmin ilin sentyabrında Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin Azərbaycana səfəri siyasi əlaqələrin inkişafında mühüm hadisəyə çevrilib. Eyni zamanda, BP şirkətinin 1992-ci ilin iyununda Bakıda ofis açması Britaniya biznesinin ölkəmizə uzunmüddətli marağının ilkin göstəricilərindən biri idi. Sonrakı illərdə diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin institusional əsaslarını möhkəmləndirdi.
İkitərəfli münasibətlərin siyasi və hüquqi çərçivəsinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Onun 1994-cü il fevralın 22–25-də Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı imzalanan Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. 1998-ci il iyulun 19–24-də baş tutan ikinci rəsmi səfər çərçivəsində imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu siyasi xəttin davamlılığını təsdiqlədi. Təsadüfi deyil ki, 2026-cı il Dublin Bəyannaməsinin giriş hissəsində məhz 1994 və 1998-ci illərdə imzalanmış sənədlərə istinad edilir. Bu detal yeni strateji tərəfdaşlığın tarixi-siyasi ardıcıllıq üzərində qurulduğunu göstərir.
Azərbaycan–Britaniya münasibətlərinin inkişafında enerji amili xüsusi yer tutur. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya enerji bazarına inteqrasiyasında yeni mərhələnin əsasını qoydu. BP-nin operatorluğu ilə həyata keçirilən Azəri–Çıraq–Günəşli layihəsi Azərbaycanın Xəzər sektorundakı neft ehtiyatlarının beynəlxalq konsorsium vasitəsilə işlənməsinə imkan yaratdı. 2017-ci il sentyabrın 14-də imzalanan yeni sazişlə layihənin müddəti 2049-cu ilin sonunadək uzadıldı. Bu əməkdaşlığın əhəmiyyəti yalnız neft hasilatı ilə məhdudlaşmadı. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdıran mühüm nəqliyyat arteriyasına çevrildi. Şahdəniz yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəməri və sonrakı mərhələdə Cənub Qaz Dəhlizinin yaradılması isə Azərbaycanın Avropanın enerji təchizatında rolunu genişləndirdi. Xüsusilə, 2020-ci ilin dekabrında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya kommersiya qaz tədarükünün başlanması bu prosesin mühüm nəticələrindən biri oldu. Beləliklə, Azərbaycan ənənəvi neft ixracatçısı olmaqla yanaşı, Avropa bazarına təbii qaz tədarük edən ölkə kimi də mövqeyini möhkəmləndirdi.
Lakin münasibətlərin bugünkü gündəliyini yalnız neft və qazla izah etmək mümkün deyil. Qlobal enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, rəqəmsallaşma və yeni texnologiyalar əməkdaşlığın istiqamətlərini genişləndirir. Tərəflərin Dublində bu sahələrə xüsusi diqqət ayırması da gələcək münasibətlərin daha şaxələndirilmiş iqtisadi model üzərində qurulacağını göstərir.
Noyabrın 12-də imzalanan sənədin əsas xüsusiyyətlərindən biri onun əməkdaşlığı üç fundamental istiqamət üzrə sistemləşdirməsidir: müdafiə və təhlükəsizlik, ticarət-investisiya və iqtisadi artım, təhsil və innovasiya.
Birinci istiqamət – müdafiə və təhlükəsizlik – müasir beynəlxalq münasibətlər sistemində artan risklər fonunda xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə müdafiə sahəsində təlimlərin keçirilməsi, institusional potensialın gücləndirilməsi, müdafiə sənayesi üzrə birgə imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əlaqələrin inkişafı nəzərdə tutulur. Bu müddəalar tərəfdaşlığın yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını, təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyət üçün imkanlar yaratdığını ortaya qoyur.
İkinci istiqamət – ticarət, investisiya və iqtisadi artım – Azərbaycanın yeni iqtisadi prioritetləri ilə birbaşa səsləşir. Bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, infrastruktur, maliyyə bazarları və kiçik və orta sahibkarlığın inkişafı sənədin əsas müddəaları sırasındadır. Xüsusilə, Orta Dəhlizin inkişafına dəstək verilməsi mühüm əhəmiyyət daşıyır. Çünki dəyişən geosiyasi və geoiqtisadi şəraitdə nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi Azərbaycanın regional tranzit imkanlarını artırmaqla yanaşı, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə də xidmət edir. Bu istiqamətdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əsas platforma kimi müəyyənləşdirilməsi də diqqətəlayiqdir. Beləliklə, sənəd ümumi niyyətləri ifadə etməklə kifayətlənmir, onların iqtisadi layihələrə və institusional əməkdaşlığa çevrilməsi üçün mexanizm də nəzərdə tutur.
Üçüncü istiqamət – təhsil və innovasiya – tərəfdaşlığın uzunmüddətli perspektivini müəyyən edən sahələrdəndir. Ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri, universitetlər və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi bu istiqamətin əsas komponentləridir. Dövlət sektorunda təlim və bilik mübadiləsinin təşviqi də sənəddə yer alır.
Bu müddəalar göstərir ki, Azərbaycan–Britaniya əməkdaşlığının yeni mərhələsində əsas hədəflərdən biri enerji sektorunda formalaşmış təcrübəni insan kapitalı, elm və texnologiya sahələrinə də daşımaqdır. Başqa sözlə, tərəfdaşlığın gələcək dəyəri yalnız investisiya və ticarət göstəriciləri ilə deyil, həm də bilik, innovasiya və peşəkar bacarıqların inkişafı ilə ölçüləcək.
Beləliklə, Dublində atılan imza, əslində, otuz ildən artıq müddətdə formalaşmış münasibətlərin gələcək inkişaf istiqamətini müəyyənləşdirən siyasi sənəddir. Tarixi əlaqələrdən enerji tərəfdaşlığına, oradan isə müdafiə, iqtisadiyyat, təhsil və innovasiyanı əhatə edən geniş strateji əməkdaşlığa keçid Azərbaycan–Britaniya münasibətlərinin dəyişən beynəlxalq reallıqlara uyğun inkişaf etdiyini göstərir. Bu mərhələnin uğuru isə artıq imzalanmış sənədin deyil, onun əsasında həyata keçiriləcək konkret işlərin nəticələri ilə ölçüləcək.
Elzamin Həsənov,
Bakı şəhəri,Pirallahı rayonu,186 №li tam orta ümumtəhsil məktəbinin direktoru



