AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşığı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik əhəmiyyətə malik sənəddir. Bu Bəyannamə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasətin, eləcə də etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir.

Azərbaycan və Böyük Britaniya arasında əlaqələr uzun illər ərzində qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etmişdir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mövcud əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mühüm siyasi çərçivə yaradır. Sənəd iki dövlət arasında əlaqələrin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, iqtisadiyyat, ticarət, investisiya, təhlükəsizlik, təhsil, elm, texnologiya və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini nümayiş etdirir.

Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və ticarət əlaqələrinin genişləndirilməsidir. Azərbaycan Böyük Britaniya üçün Cənubi Qafqazda mühüm iqtisadi tərəfdaş olmaqla yanaşı, Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında da əhəmiyyətli mövqeyə malikdir..

Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Müasir dövrdə dövlətlərin inkişafı yalnız təbii resurslardan və iqtisadi imkanlardan deyil, həm də insan kapitalından, elmi potensialdan və texnoloji yeniliklərdən asılıdır. Bu baxımdan iki ölkə arasında ali təhsil, peşə hazırlığı, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar və müasir texnologiyalar sahəsində əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərini genişləndirməsi ölkəmizin beynəlxalq arenada qazandığı siyasi və iqtisadi nüfuzun mühüm göstəricisidir. Müstəqil xarici siyasət kursu həyata keçirən Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri quraraq milli maraqlarını ardıcıl şəkildə təmin edir. Beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət əsasında qurulan əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasəti beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır.

Bəyannamənin digər mühüm cəhəti onun icrasına nəzarət və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün müntəzəm strateji tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulmasıdır. Belə bir mexanizmin yaradılması əldə olunmuş razılaşmaların praktik nəticələrə çevrilməsinə, dövlət qurumları və iqtisadi subyektlər arasında əlaqələrin daha sistemli qurulmasına imkan verəcək. Bu, həmçinin iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli əməkdaşlığın davamlılığının təmin olunmasına xidmət edəcək.

Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi, iqtisadi və diplomatik əhəmiyyətə malikdir. Bu sənəd ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və müasir texnologiyaların tətbiqi üçün yeni perspektivlər açır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıənın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və praqmatik xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın genişləndirilməsi də bu siyasətin mühüm nəticələrindən biridir.

Beləliklə, Birgə Bəyannamə Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə etməklə yanaşı, iki ölkə arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəkdir. Bu tərəfdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də regionda davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edən əhəmiyyətli amildir.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button