8 Noyabr – Zəfər Günü: Qürurumuz və əbədi yaddaşımız

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün xalqımızın illərlə yaşatdığı Qarabağ həsrətinin sona çatmasının, milli birliyimizin və dövlətimizin qüdrətinin rəmzidir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Məhz Şuşanın azad olunduğu gün – 8 Noyabr Prezidentin Sərəncamı ilə Zəfər Günü elan edildi.
Bu qələbənin arxasında isə ən ağır bədəli ödəyən şəhidlərimizin müqəddəs qanı dayanır. Biz bu gün azad Qarabağdan, doğma torpaqlarımızda dalğalanan bayrağımızdan danışırıqsa, bunu canını Vətənə fəda edən igidlərimizə borcluyuq. Onlar öz gələcəklərindən keçərək xalqımızın arzusunu gerçəkləşdirdilər. Bir ananın övladı, bir ailənin ümidi olan qəhrəmanlarımız Vətəni yaşatmaq üçün öz həyatlarını qurban verdilər.
Zəfər sevincimizə şəhidlərimizin yoxluğu qarışır. Şəhid analarının göz yaşları, ailələrin bitməyən həsrəti heç vaxt unudulmamalıdır. Onların əmanəti olan Vətənə sahib çıxmaq, qazilərimizə və şəhid ailələrinə qayğı göstərmək bizim mənəvi borcumuzdur.
Bu gün Qarabağda yenidən həyat canlanır, doğma yurdlarına qayıdan ailələr öz evlərinə qovuşur. Bu dirçəliş şəhidlərimizin uğrunda can verdiyi Vətənə sədaqətimizin ən böyük ifadəsidir.
Zəfər bizim qürurumuz, şəhidlərimiz isə bu qürurun əbədi qəhrəmanlarıdır. Onlar aramızda olmasalar da, adları tariximizdə, xatirələri qəlbimizdə daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun! Qazilərimizə şəfa versin.
8 Noyabr – Zəfər Günümüz mübarək! Eşq olsun qalib Azərbaycan xalqına!
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini



