Qarabağda Yeni Həyat: Diplomatik Səfər Reallıqları Dünyaya Göstərdi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır. Vaxtilə işğal və dağıntı ilə assosiasiya olunan bu torpaqlar bu gün quruculuğun, bərpanın, Böyük Qayıdışın və sülhə aparan yeni reallıqların ünvanına çevrilib. Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri də məhz bu reallıqların beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib. Xarici diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə tanış olublar. Bu, artıq 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 22-ci səfəri olub.
Bu səfərin Ermənistanda və erməni revanşist dairələrində yaratdığı narahatlıq isə təsadüfi deyil. Çünki Qarabağın bugünkü mənzərəsi ilə dünənki mənzərəsi arasında yerlə göy qədər fərq var. Bir zamanlar işğalın izlərini daşıyan, dağıntılar içərisində qalan şəhər və kəndlər bu gün Azərbaycan dövlətinin iradəsi, xalqımızın zəhməti və böyük maliyyə resursları hesabına yenidən qurulur. Xarici diplomatların bütün bunları öz gözləri ilə görməsi isə erməni təbliğatının illər ərzində formalaşdırmağa çalışdığı saxta təsəvvürlərin real mənzərə qarşısında tədricən əhəmiyyətini itirməsi deməkdir.
Əslində, bu səfərin yaratdığı mənzərə olduqca aydındır: Azərbaycan öz ərazilərində qurur, yaradır, abadlaşdırır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir. Ermənistanda müəyyən revanşist qüvvələr isə hələ də keçmişin siyasi stereotiplərindən xilas ola bilmir. Onların diplomatik korpusun Azərbaycan ərazilərinə səfərinə etiraz etməsi, səfərdə iştirak edən diplomatları hədəfə alan sərt açıqlamaların səsləndirilməsi və Azərbaycan əraziləri ilə bağlı yenidən əsassız iddiaların gündəmə gətirilməsi məhz bu düşüncə tərzinin davamıdır. Ermənistan mediasında və ictimai-siyasi dairələrdə səfərlə bağlı qərəzli münasibət və hücum xarakterli fikirlər də müşahidə olunub.
Burada bir məqam xüsusi vurğulanmalıdır: Azərbaycan öz suveren ərazisində istənilən dövlətin diplomatik nümayəndəsini qəbul etmək, ölkənin müxtəlif bölgələrinə səfərlər təşkil etmək hüququna malikdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir. Bu ərazilərdə görülən işlərlə tanış olmaq üçün xarici diplomatların səfərinin hansısa üçüncü tərəfin icazəsinə ehtiyac yoxdur. Azərbaycanın daxili məsələsinə çevrilmiş bir prosesi kənardan mübahisələndirmək cəhdi isə suverenliyə hörmətsiz münasibətin göstəricisidir. Qərbi Azərbaycan İcması da Ermənistanın səfərə kəskin reaksiyasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirərək bunun sülh prosesinə və qarşılıqlı etimada zərər vurduğunu bildirib.
Erməni revanşist dairələrinin narahatlığının kökündə başqa bir həqiqət də dayanır. Qarabağa gələn diplomat artıq yalnız dağıntıları görmür. O, Xankəndidə yeni infrastruktur layihələrinin necə həyata keçirildiyini, Şuşanın necə dirçəldiyini, Kəlbəcərdə yeni həyatın necə qurulduğunu, Ağdərədə bərpa prosesinin necə davam etdiyini görür.
O, yolları, məktəbləri, xəstəxanaları, yaşayış komplekslərini, elektrik və digər infrastruktur obyektlərini görür. Daha önəmlisi isə görür ki, Azərbaycan burada sadəcə tikinti aparmır, insan həyatını, şəhərlərin ruhunu və gələcəyini bərpa edir. Diplomatik səfərlərin əvvəlki mərhələlərində əsas diqqət işğalın törətdiyi dağıntılara yönəlirdisə, son səfərlərdə Azərbaycanın həyata keçirdiyi bərpa, quruculuq və Böyük Qayıdış prosesinin nəticələri ön plana çıxır.
Bu mənzərə erməni revanşizminin ən böyük narahatlıq mənbəyidir. Çünki revanşizm keçmişin xatirələri üzərində yaşayır, Azərbaycan isə gələcəyi qurur. Revanşist düşüncə dağıntıların siyasi alətə çevrilməsində maraqlıdır, Azərbaycan isə həmin dağıntıların üzərində yeni həyat qurmaqla cavab verir. Revanşist dairələr keçmişi dəyişdirmək xülyası ilə çıxış etdikləri halda, Azərbaycan artıq gələcəyin reallıqlarını formalaşdırır.
Bu gün Qarabağda daşların dili belə dəyişib. Vaxtilə susqunluğun, işğalın və dağıntının şahidi olan küçələrdə indi tikinti texnikasının səsi eşidilir. Vaxtilə doğma yurdlarından didərgin salınmış insanların həsrətini daşıyan torpaqlarda yeni evlərin pəncərələri işıq saçır. Bu, yalnız fiziki quruculuq deyil, həm də tarixi ədalətin bərpasıdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrlə göstərir ki, Zəfər yalnız hərbi meydanda qazanılmayıb; Zəfərin davamı quruculuq meydanında da təmin edilir.
Diplomatik korpusun nümayəndələrinin səfəri bu baxımdan həm də informasiya müharibəsində mühüm əhəmiyyət daşıyır. Çünki həqiqəti ən yaxşı şəkildə yerində görmək mümkündür. Uzun illər ərzində müxtəlif lobbi və təbliğat şəbəkələri tərəfindən dünya ictimaiyyətinə birtərəfli və təhrif olunmuş məlumatlar çatdırılmağa çalışılıb. İndi isə müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Qarabağa gedir, gördüklərini öz gözləri ilə müşahidə edir və Azərbaycan ərazilərində baş verən dəyişikliklərin canlı şahidinə çevrilirlər.
Məhz buna görə erməni revanşist qüvvələrin reaksiyası əslində onların narahatlığını daha aydın nümayiş etdirir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından qorxanlar yenə köhnə ritorikaya müraciət edirlər. Lakin zaman dəyişib, reallıq dəyişib, region dəyişib. Artıq Qarabağın statusu üzərindən siyasi manipulyasiyalar aparmaq, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymaq və keçmiş separatçı gündəliyi yenidən gündəmə gətirmək üçün əvvəlki imkanlar yoxdur.
Azərbaycanın mövqeyi isə aydındır və dəyişməzdir: regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq yalnız dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinə hörmət əsasında mümkündür. Azərbaycan Ermənistanla sülh prosesinə öz iradəsini dəfələrlə nümayiş etdirib. Lakin sülh yalnız sənədlərin imzalanması ilə deyil, düşüncə tərzinin dəyişməsi ilə möhkəmlənir. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycanın suveren ərazilərinə dair köhnə iddiaları və revanşist çağırışları stimullaşdırmaq sülh fəlsəfəsinə uyğun deyil.
Erməni cəmiyyəti və siyasi dairələri anlamalıdır ki, bölgədə yeni reallıq yaranıb. Bu reallığın əsasını müharibə və qarşıdurma deyil, əməkdaşlıq və inkişaf təşkil etməlidir. Ermənistan üçün də ən doğru yol keçmişin revanşist çağırışlarına deyil, gələcəyin əməkdaşlıq imkanlarına üz tutmaqdır. Azərbaycan torpaqlarında həyata keçirilən bərpa layihələri, regionun nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizi və digər regional layihələr Cənubi Qafqazın gələcəyini qarşıdurmadan əməkdaşlığa doğru dəyişə biləcək böyük potensiala malikdir.
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatların gördükləri yalnız yeni tikililər və yollar deyil. Onlar Azərbaycan dövlətinin siyasi iradəsini, xalqımızın quruculuq əzmini və Böyük Qayıdışın yaratdığı yeni reallığı müşahidə edirlər. Bu reallıq artıq beynəlxalq diplomatik nümayəndəliklərin diqqətindən kənarda qala bilməz. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin praktik şəkildə qəbul olunması regionda sülhün və sabitliyin möhkəmlənməsi üçün mühüm amildir.
Bu gün Qarabağda tarixə yeni səhifə yazılır. Həmin səhifənin mürəkkəbi dağıntıların qara izlərindən deyil, quruculuğun, qayıdışın və inkişafın rənglərindən ibarətdir. Ermənistanın revanşist qüvvələri nə qədər etiraz etsələr də, bu reallığı dəyişmək mümkün deyil. Çünki artıq Qarabağ haqqında həqiqəti yalnız uzaqdan danışanlar deyil, həmin torpaqlara gedən, orada görülən işləri öz gözləri ilə müşahidə edən diplomatlar da görürlər.
Azərbaycanın gücü yalnız Zəfər qazanmasında deyil, Zəfərdən sonra sülh və quruculuq siyasəti yürütməsindədir. Bu gün Qarabağda ucalan hər yeni bina, salınan hər yeni yol, açılan hər yeni məktəb və geri qayıdan hər bir ailə Azərbaycanın qalibiyyətinin canlı ifadəsidir. Revanşizm isə bu mənzərənin qarşısında getdikcə daha çox keçmişin kölgəsinə çevrilir. Sülhün gələcəyi də məhz bundan asılıdır: keçmişin saxta iddialarına deyil, reallığın özünə söykənmək, qarşılıqlı hörməti qəbul etmək və region xalqlarının rifahına xidmət edən yeni səhifə açmaq.
Qarabağ artıq keçmiş münaqişənin deyil, Azərbaycanın qurduğu yeni həyatın ünvanıdır.
Şərqi Zəngəzur isə Azərbaycanın böyük inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevrilir. Bu həqiqəti diplomatik korpus nümayəndələrinin səfəri bir daha nümayiş etdirdi. Ermənistandakı revanşist dairələrin narahatlığı isə əslində dəyişən zamanın və dəyişmiş reallığın daha bir göstəricisidir. Çünki tarix öz sözünü deyib, Azərbaycan öz sözünü əməli ilə təsdiqləyib. İndi qarşıda duran əsas vəzifə bu yeni reallığı sülh, əməkdaşlıq və davamlı inkişaf müstəvisində möhkəmləndirməkdir.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi


