
8 Noyabr – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən şanlı səhifələrdən biridir. Bu tarix yalnız bir qələbənin deyil, on illərlə çəkən həsrətin bitməsi, ədalətin bərpası, milli birliyin və xalq iradəsinin təntənəsidir.
2020-ci ilin həmin möhtəşəm noyabr günündə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Zəfər həm döyüş meydanında, həm də xalqın ürəyində qazanıldı.
Zəfər Günü Azərbaycanın gücünü, ordusunun peşəkarlığını və xalqının birliyini bütün dünyaya göstərdi. Bu qələbə illərlə davam edən ədalətsizliyə son qoydu və xalqımıza tarixi ədaləti geri qaytardı.
Bu gün azad Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə və Laçında üçrəngli bayrağımız dalğalanırsa, bu, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olub.
Zəfər Günü təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə inamın, milli qürurun və dövlət müstəqilliyimizin möhkəmliyinin rəmzidir.
Bu torpaqlar uğrunda canını fəda edən bütün qəhrəmanlarımızı dərin ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik.
Şahzadə Abdurəhmanova,
YAP-ın gənc fəalı



