
27 sentyabr 2020-ci il. İkinci Qarabağ savaşının, Vətən müharibəsinin başlandığı gün. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda qeyrət savaşı, qürur və şərəf məsələmiz! Bu tarixdən başlayan haqq-ədalət savaşı sübut etdi ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir və öz vətəni-torpaqları uğrunda döyüşə hazırdır.
Xalqımız bu günü inamla düz 30 il gözlədi. Ermənistan isə öz vəhşiliklərinə, qəddarlıqlarına nə bir son qoydu, nə də bu illər ərzində faşist xislətlərindən əl çəkdi. Əksinə, mənfur düşmənlər daha da quduzlaşdılar. 27 sentyabr bizim üçün quduzlaşmış düşmənə qarşı qisas günümüz oldu…
Əslində bu illər ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları istiqamətində Prezident İlham Əliyev beynəlxalq aləmdə ciddi siyasi iş aparmışdı. Xalqın və dövlətin səbrini tükədən işğalçının getdikcə azğınlaşması, işğal edilən ərazilərdə möhkəmlənməyə cəhd, ATƏT-in Minsk Qrupunun qəbul etdiyi “Əsas Prinsiplər”ə təcavüzkar Ermənistanın əməl etməməsi, saxta “dağlıq qarabağ respublikası”nın mərkəzinin Xankəndindən Şuşaya köçürmə planı – “yeni müharibə, yeni ərazilər” kimi bəyanatlar, dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin qanunsuz olaraq Qarabağa yerləşdirilməsi, toponimlərinin dəyişdirilib, tarixi abidələrin özlərininkiləşdirilməsi kimi dözülməz, riyakar davranışlar xalqımızın və dövlətimizin səbrini daşırtdı. 2019-cu ildə Xankəndində keçirilən mitinqdə Ermənistanın baş naziri N.Paşinyanın “Artsax Ermənistandır və nöqtə” deməsi isə elə səbrimizə də nöqtə qoydu.
2020-ci il iyulda təcavüzkar Ermənistanın Azərbaycanın dövlət sərhədlərini atəşə tutması, münaqişə zonasından çox uzaq olan Tovuz rayonuna hücumu vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan dövlət sərhədindəki döyüşlər zamanı 14 iyul xalqımız 2020-ci il Bakıda ümummilli mitinq keçirməklə, on minlərlə insanın “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Eşq olsun Milli Orduya!”, “İrəli!” şüarları torpaqlarımızın azadlığı uğrunda savaşın qaçılmaz olduğundan xəbər verirdi. Xalqımız cəbhə bölgəsinə könüllü yollanmaq üçün səfərbər olmağa hazır idi. 15 iyulda Prezident, Ali Baş Komandan İlham Əliyevin ” hərbi xidmətə getmək istəyənlər şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinə təqdim edə bilərlər” bəyanatından sonra minlərlə könüllü orduya yazıldı. Torpağını işğaldan azad görmək istəyən nəinki vətəndaşlar, hətta xaricdəki soydaşlar, ehtiyatda olan hərbçilər, müharibə əlilləri və veteranlar hərbi əməliyyatlarda iştirak etmək üçün Müdafiə Nazirliyinə müraciət ünvanladılar.
27 sentyabr 2020-ci ildə 1994-cü ildə bağlanan atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ardıcıl zərbələr endirən, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış mövqelərinə atəş yağdıran təcavüzkar düşmən layiqli cavabını aldı. Ermənistan silahlı qüvvələri Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində dinc əhalinin yaşayış yerlərini raketlərdən bombardmana tutsalar da, əzmimizi, qələbəyə gedən yolumuzu kəsə bilmədilər…
27 sentyabr 2020-ci ildə Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziyada xalqa müraciət edərək bildirdi ki, Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsi başladı və bəyan etdi ki: “Qarabağ Azərbaycandır!”. Qalibiyyət istəyən Azərbaycan xalqının Dövlət-Ordu Birliyi o gün tarixə dastan oldu. Cəmi 44 günlük savaşla qüdrətli Azərbaycan Ordusu tarixi Qarabağ torpaqlarının Azərbaycanın bölünməz tərkib hissəsi olduğunu qeyrətləri və əzmkarlıqları ilə bütün dünyaya göstərdilər…
Ali Baş Komandanımız İlham Əliyevin dəfələrlə “Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur” deməsinə baxmayaraq, ermənilərin hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti apardılar. Milli Ordumuz isə sarsılmaz gücünü nümayiş etdirdi və zəfər qazandı.
Bəli, Qarabağ torpaqları işğaldan azad edildi və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs müqaviləsi imzalandı. 27 sentyabrdan başlayan Vətən müharibəsi 10 noyabrda zəfərlə bitdi! 44 Günlük Vətən müharibəsinin hər günü xalqımızın qəhrəmanlıq dastanına qızıl hərflərlə həkk olundu!
Bir məqamı da nəzərə almalıyıq ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsinin bünövrəsində Ulu Öndər Heydər Əliyevin dövlət-hakimiyyət quruculuğu siyasətinin də böyük rolu vardır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən güclü dövlət, daxili ictimai-siyasi sabitlik, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsiplərdən olmuşdur.
Bu gün qürurla deyə bilərik ki, 30 il işğalda qalan Qarabağımız Prezident İlham Əliyevin xarici siyasəti, müasir silahlarla təchiz olunan ordunun mübarizliyi nəticəsində azad edildi. 2020-ci ildəki 44 günlük müharibədə nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu XXl əsrin müasir orduları sırasına yüksəltdi. Artıq dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Buna misal olaraq da, Şuşa əməliyyatının qüsursuzluğunu və möhtəşəmliyini göstərə bilərik. Azərbaycan ordusunun müasir ordu modelinə keçidi müharibədən sonra daha da sürətləndirildi. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr qurulub. Bütün bu və digər addımlar nəticəsində hərbi hissələrimizin sayında və keyfiyyətində yüksəliş müşahidə olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi : “Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq, müdafiə büdcəsi bu il daha da artırılıb. Bu amil də reytinq siyahısında yerimizə müsbət təsirini göstərir. Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.
Bir sözlə, bu gün bizim qürur duyacaq ordumuz, Ali Baş Komandanımız və bir qarış torpağını düşmənə verməyəcək döyüş ruhlu xalqımız var. Xaqımızın şərəfi, ləyaqəti, milli mənliyi, qüruru, özgüvənli şəkildə geri qaytarıldı.
Azərbaycan Prezidenti Vətən müharibəsində prinsipiallıq, qətiyyətli siyasi iradə nümayiş etdirdi, xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi. Xalq-dövlət birliyi, ölkə vətəndaşlarının dövlətlə həmrəyliyi Vətən müharibəsində zəfəri təmin edən həlledici məqamlardır. Zəfər nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Suqovuşan, Şuşa öz əbədi tarixi sahibinə qovuşdu.
27 sentyabr Vətən müharibəsinin zəfəri göstərdi ki, bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücü, silah-sursatı dayana bilməyəcək. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycan qəhrəman xalq oldu. Əlbəttə ki, ölkəmiz yalnız xalq – dövlət birliyinin gücü ilə sarsılmaz, həmişəlik müstəqil dövlət ola bilər.
Biz bir millət olaraq hər zaman birliyimiz, tolerantlığımız, humanizm və anlayışımızla dünyaya nümunə olmuşuq.
44 günlük Vətən Müharibəsi zamanı “Biz birlikdə güclüyük!” şüarı ilə düşmənə qalib gəldik, böyük zərbə vurduq.
Artıq müharibədən 5 il keçib, hazırda Qarabağa həyat qayıdıb, ərazi bütövlüyümüz tam bərpa edilib.
Bu gün isə bu qələbənin və həmrəyliyin nəticəsini görürük. Qarabağda dalğalanan üçrəngli bayrağımız, yenidən dirçələn şəhərlərimiz və doğma torpaqlarına qayıdan insanlar xalqımızın yenilməz ruhunun təcəssümüdür.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasınını məsləhətçisi



