
Azərbaycan Respublikasının müasir tarixi 2020-ci ilin payızında yeni mərhələyə qədəm qoydu. 25 oktyabr tarixində Qubadlı şəhərinin azad olunması dövlətimizin ərazi bütövlüyünün təminində və regionda geosiyasi reallıqların dəyişməsində mühüm rol oynadı. Bu hadisə Azərbaycanın siyasi iradəsinin, milli birliyinin və müstəqil qərarvermə gücünün təntənəsi kimi tarixə yazıldı.
Vətən müharibəsi zamanı əldə edilən hərbi-siyasi nailiyyətlər planlı dövlət strategiyasının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi idi. Qubadlının azad olunması həm hərbi əməliyyat baxımından, həm də siyasi baxımdan həlledici mərhələ oldu. Bu qələbə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin praktiki sübutuna çevrildi.
Müharibədən sonrakı dövrdə Qubadlı rayonunda həyata keçirilən yenidənqurma siyasəti dövlətin güc mərkəzli idarəçilik modelinin təzahürüdür. Bu gün burada aparılan işlər yalnız fiziki bərpa deyil, həm də milli iqtisadi və sosial məkanın tam inteqrasiyası deməkdir. Qubadlıda həyata keçirilən layihələr – enerji, kommunikasiya və yol infrastrukturu üzrə kompleks tədbirlər – dövlətin uzunmüddətli regional inkişaf planının tərkib hissəsidir.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri bu ərazilərin strateji əhəmiyyətinin dövlət səviyyəsində prioritet kimi müəyyənləşdirildiyini göstərir. “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi, yeni avtomobil yollarının, məktəb və xəstəxana binalarının, kəndlərin təməlqoyması bu siyasətin konkret nəticələridir. Hər bir layihə Azərbaycanın postmüharibə dövründə quruculuq fəlsəfəsini əks etdirir – bu fəlsəfənin mərkəzində bərpa olunmuş suverenlik və müstəqil inkişaf dayanır.
Qubadlının yenidən dirçəlişi həm də ölkənin cənub-qərb istiqamətində strateji sabitliyin təmininə xidmət edir. Burada formalaşan yeni sosial-iqtisadi mühit təkcə yerli əhalinin qayıdışını deyil, həm də regionun tranzit, enerji və təhlükəsizlik sistemlərinin möhkəmlənməsini şərtləndirir.
2023-cü il 31 iyul tarixli Prezident sərəncamı ilə 25 oktyabrın “Qubadlı şəhəri günü” elan edilməsi dövlətin tarixi qələbələri yaddaşda əbədiləşdirmək siyasətinin tərkib hissəsidir. Bu qərar Qubadlının azad edilməsini Azərbaycan xalqının milli qürur səhifəsinə çevirərək, gələcək nəsillər üçün dövlət müstəqilliyinin qiymətini xatırladan siyasi simvol kimi təsdiqlədi.
Bu gün Qubadlıda həyata keçirilən hər bir layihə Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir. Burada bərpa olunan həyat, inşa olunan şəhərlər və qurulan infrastruktur dövlətin gücünü, xalqın birliyini və əbədi qayıdışın reallığını ifadə edir. 25 Oktyabr – Qubadlı şəhəri günü Azərbaycan dövlətinin iradə, güc və yenilənmə fəlsəfəsini əks etdirən simvolik tarixdir.
Aytac Məhərrəmli
YAP Nizami rayon təşkilatının məsləhətçisi


