AnalitikaGündəmSiyasət

MDB oyunlarının diplomatik və beynəlxalq əhəmiyyət.

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları, üzv ölkələr arasında idman, mədəniyyət və dostluq əlaqələrinin inkişafına yönəlmiş mühüm beynəlxalq idman tədbiridir. Oyunların əsas məqsədi gənclər arasında əməkdaşlığı gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və idman diplomatiyası vasitəsilə regional birliyi möhkəmləndirməkdir. III MDB Oyunlarının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu tədbir həm idman, həm turizm, həm də beynəlxalq imic baxımından Azərbaycan üçün yeni imkanlar açdı. Oyunların keçirilməsi ölkəmizin idman infrastrukturunun inkişafına, regionların iqtisadi canlanmasına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir.
MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunmuşdur. Həmin yarışlarda 9 ölkədən minlərlə idmançı 20-dən çox idman növündə güclərini sınamışdır. II MDB Oyunları 2023-cü ildə Belarus Respublikasında (Minsk şəhərində) keçirilmiş və daha geniş iştirakla yadda qalmışdır. Bu oyunlar beynəlxalq idman arenalarında birliyin üzv dövlətlərini bir araya gətirən ən böyük tədbirlərdən biridir. Əsas məqsədlər bunlardır:
* Gənclərin sağlam həyat tərzinə təşviqi;
* Ölkələr arasında dostluq əlaqələrinin inkişafı;
* İdman diplomatiyasının gücləndirilməsi;
* Regional əməkdaşlığın və birliyin möhkəmləndirilməsi.
Azərbaycan 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi etdi. Prezident İlham Əliyevin sərəncamı ilə Oyunların təşkili üzrə Təşkilat Komitəsi yaradılmışdır. Komitəyə ölkənin idman, turizm, daxili işlər, nəqliyyat və mədəniyyət sahələrindən nümayəndələr daxildir. Oyunlar Azərbaycanın 7 şəhərində — Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə keçirildi. Hər bir şəhərdə müəyyən idman növləri üzrə yarışlar təşkil edildi. Bu bölgələrdə yeni idman obyektləri tikildi və mövcud komplekslər yeniləndi. Oyunlarda 13 ölkədən 1.600-dən çox idmançı 23 idman növü üzrə mübarizə apardı. Yarış proqramına atletika, güləş, boks, cüdo, üzgüçülük, qılıncoynama, voleybol, stolüstü tennis, gimnastika və digər növlər daxil idi. Ümumilikdə 246 medal dəsti təqdim olundu.
Eyni zamanda qeyd edə bilərik ki, bu oyunlar Azərbaycanın gənclər siyasətinə böyük dəstəkdir. Gənc idmançılar üçün beynəlxalq təcrübə qazanmaq, digər ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq və dostluq əlaqələri yaratmaq imkanı yarandı. Bundan əlavə, yüzlərlə könüllü gənc bu tədbirdə iştirak edərək təşkilati bacarıqlar əldə etdi. Oyunların keçirilməsi regionlarda infrastrukturun inkişafını sürətləndirdi, turizm axınını artırdı və yerli sahibkarlığa əlavə gəlir gətirdi. Xarici nümayəndə heyətləri, idmançılar və tamaşaçıların Ölkəmizə səfəri yerli iqtisadiyyata əlavə gəlir gətirdi. Həmçinin, beynəlxalq media və idman təşkilatları vasitəsilə Azərbaycanın turizm potensialı dünyaya tanıdıldı.
Hələ III MDB Oyunlarına hazırlıq zamanı genişmiqyaslı infrastruktur layihələri həyata keçirilirdi. Gəncə və Mingəçevir şəhərlərində yeni idman kompleksləri, üzgüçülük hovuzları, atletika meydançaları və otellər inşa olundu. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə yollar yeniləndi, ictimai nəqliyyat sistemləri gücləndirildi. Bütün yarış məkanlarında beynəlxalq standartlara uyğun təhlükəsizlik və tibbi xidmət təmin olundu. Yarışların idarə olunmasında müasir informasiya texnologiyalarından istifadə nəzərdə tutulurdu.
III MDB Oyunları Azərbaycan üçün təkcə idman tədbiri deyil, həm də diplomatik platforma idi. Bu tədbir vasitəsilə Azərbaycan regionda əməkdaşlıq, sülh və qarşılıqlı anlaşma ideyalarını təşviq etdi. Oyunların uğurlu təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı, Azərbaycanın “idman dövləti” kimi mövqeyini möhkəmləndirdi. Bu, həm də Azərbaycanın çoxvektorlu xarici siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər.
III MDB Oyunlarından sonra idman obyektlərinin ölkə daxilində daimi istifadəsi planlaşdırılır. Bu obyektlər region gənclərinin məşğulluğunu artıracaq və idmanın inkişafına xidmət edəcək. Eyni zamanda, Oyunlar Azərbaycana gələcəkdə Avropa və Dünya səviyyəli yarışlara ev sahibliyi etmək təcrübəsi qazandırdı. Bu, Azərbaycanın beynəlxalq idman sistemində rolunu daha da gücləndirdi. Nəticədə deyə bilərik ki, III MDB Oyunları Azərbaycanın idman, diplomatiya və iqtisadi inkişaf istiqamətlərində mühüm hadisədir. Bu tədbir ölkəmizin beynəlxalq arenada imicini yüksəldərək, regionlarda sosial-iqtisadi canlanma yaratdı və gənclərin potensialının reallaşmasına imkan verdi. Azərbaycanın ev sahibliyi etdiyi bu oyunlar təkcə idman yarışı deyil, həm də birlik, dostluq və əməkdaşlıq dəyərlərinin təntənəsidir. III MDB Oyunları, ölkəmizin gələcək illərdə regional və qlobal miqyasda daha güclü mövqeyə sahib olmasının göstəricisidir.

Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi
Aygün Məmmədova

Oxşar Xəbərlər

Back to top button