AnalitikaGündəmOrdu

Cəbrayıl torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır

4 oktyabr Azərbaycan xalqının yaddaşında əbədi qalacaq günlərdən biridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı məhz bu gün rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad etdi. 27 il düşmən tapdağı altında qalan bu qədim yurdun azad edilməsi yalnız hərbi uğur deyil, həm də xalqımızın böyük qürur və zəfər tarixinin başlanğıcı oldu. Cəbrayılın azadlığı ilə xalqımızın qələbəyə olan inamı daha da möhkəmləndi, əsgər və zabitlərimizin ruh yüksəkliyi ən yüksək səviyyəyə çatdı.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, əhalisi doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlər viran qoyulmuşdu. İllərlə vətən həsrəti ilə yaşayan yüz minlərlə Cəbrayıllı 4 oktyabr 2020-ci ildə o həsrətin sona çatdığına şahidlik etdi. Bu tarixi gün bütün Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Cəbrayılın strateji mövqeyi onun azad olunmasını müharibənin taleyi üçün xüsusi əhəmiyyətli etdi. Buradan başlanan uğurlu əməliyyatlar Zəngilan, Qubadlı və Füzuli istiqamətlərində ordumuzun irəliləməsinə imkan verdi, Şuşaya aparan zəfər yolunun açılmasına zəmin yaratdı. Beləliklə, Cəbrayıl qələbənin qapısı, azadlığa gedən yolun ilk mühüm qələbəsi oldu.

Bu gün işğaldan azad olunmuş Cəbrayıl torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dövlət tərəfindən Böyük Qayıdış proqramı həyata keçirilir, yeni yollar, körpülər, məktəblər, evlər inşa olunur. Hər qarışı müqəddəs olan bu torpaqlara həyat geri dönür, insanlar doğma el-obasına qayıtmaq imkanı qazanır. Cəbrayıl artıq həm zəfərin, həm də dirçəlişin, gələcəyə ümidin rəmzinə çevrilib.

4 oktyabr – Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün Azərbaycan xalqının qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən biridir. Bu tarix bizə ordumuzun gücünü, xalqımızın birliyini, şəhidlərimizin qanı bahasına əldə edilən azadlığı xatırladır. Hər bir azərbaycanlı üçün 4 oktyabr həm qürur, həm də minnətdarlıq günüdür. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, bu zəfərin dəyərini qorumaq və yaşatmaq hər birimizin borcudur.

Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button