AnalitikaGündəmSiyasət

2023-cü il Sentyabr Hadisələri: Azərbaycanın Ərazi Bütövlüyünün Hüquqi və Hərbi Təsdiqi

Azərbaycanın müasir siyasi tarixində bir çox mühüm hadisələr baş versə də, 2023-cü ilin 19–20 sentyabrında Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı xüsusi əhəmiyyətə malikdir. Bu əməliyyat yalnız hərbi uğur deyildi – o, həm də Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam təmin olunması və uzun illər davam edən separatizmin aradan qaldırılması baxımından strateji dönüş nöqtəsi kimi tarixə düşdü.

Bu əməliyyat nəticəsində Azərbaycanın konstitusion quruluşuna qarşı çıxan qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və ölkənin suveren hüquqları tam şəkildə bərpa olundu. Separatçılıq meyllərinin ləğv edilməsi, ölkənin beynəlxalq sərhədləri çərçivəsində tam nəzarətin təmin edilməsi və Azərbaycanın daxili işlərinə xarici müdaxilə cəhdlərinə son qoyulması, bu əməliyyatın tarixi-siyasi əhəmiyyətini daha da artırdı.

Əməliyyatın uğurla həyata keçirilməsi həm də göstərdi ki, Azərbaycan dövləti yalnız diplomatik vasitələrlə deyil, eyni zamanda milli maraqlar naminə hüquqi və hərbi imkanlardan da istifadə edərək, suverenliyini təmin edə bilər. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin və ordu quruculuğu sahəsində illərlə görülən sistemli işlərin məntiqi nəticəsidir. Hərbi-siyasi rəhbərliyin qətiyyəti və Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı nəticəsində əməliyyat cəmi bir gün ərzində – minimal itkilərlə və mülki əhalini qorumaq prinsipinə maksimum riayət olunaraq – uğurla başa çatdırıldı.

Lokal antiterror tədbirləri çərçivəsində həmçinin Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən separatçı strukturların öz-özünü buraxması ilə nəticələndi. Bu hadisə, Azərbaycan tarixində ilk dəfə olaraq, Qarabağ ərazisindəki erməni əhalinin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasına real zəmin yaratdı. Həmin günlərdən etibarən bölgədə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri daha fəal şəkildə həyata keçirilməyə başlandı.

Qarabağda antiterror tədbirləri, həmçinin regionun gələcək təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından da əhəmiyyətlidir. Dövlət nəzarətinin tam bərpa olunması nəticəsində Azərbaycanda milli birliyin və ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, regionda sülh və sabitliyin uzunmüddətli təminatına dair real zəminlər formalaşmış oldu.

Bu hadisə həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getmədiyini və beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren hüquqlarını təmin etdiyini göstərdi. Əməliyyatın həyata keçirilməsi zamanı BMT Nizamnaməsi və digər beynəlxalq hüquqi sənədlərə əsaslanaraq, Azərbaycanın öz torpaqlarında antiterror tədbirləri görməsi tam legitim və zəruri bir addım idi.

2023-cü il 19–20 sentyabr lokal antiterror əməliyyatı Azərbaycan tarixində yalnız hərbi və siyasi uğur deyil, həm də milli suverenliyin tam bərpası kimi əlamətdar hadisədir. Bu əməliyyatla Azərbaycanın tarixi ədaləti bərpa olunmuş, vətəndaşların təhlükəsizliyi təmin edilmiş və dövlətin daxili işlərinə qeyri-qanuni müdaxilə cəhdlərinə birdəfəlik son qoyulmuşdur. Azərbaycan bu uğuru ilə bir daha sübut etdi ki, milli maraqlar, ərazi bütövlüyü və dövlət suverenliyi heç bir halda güzəşt mövzusu ola bilməz.

İldırım Eyvazlı
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button