
“Məlum olduğu kimi, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər ediblər. Səfər çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış kompleksinin, şəhər parkının təməlini qoyublar, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın, Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər, 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirməkdədir. Torpaqların azad olunmasından sonra dərhal tikinti-quruculuq işlərinin başladılması və sürətlə davam etdirilməsi isə Azərbaycan hakimiyyətinin siyasi iradəsini, Prezident İlham Əliyevin qətiyyətini nümayiş etdirir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı şəhərin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib: “Bu münasibətlə keçirilmiş mərasimdə çıxış edən Prezident İlham Əliyev mühüm siyasi mesajlar da verib. Belə ki, Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Vətən müharibəsindəki qələbədən sonra Ermənistanla sülh müqaviləsinin müəllifi də Azərbaycandır və təsadüfi deyil ki müqavilədəki bəndlərin tərtibatında da ölkəmizin mövqeyi əsas götürülüb. Müqavilə sənədinin paraflanması isə faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyub və bundan irəli gələrək mənfur Minsk qrupu da artıq son günlərini yaşayır. Razılaşmaya əsasən tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edilib. Şübhə yoxdur ki, yaxın bir neçə il ərzində xalqımız qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcək. Prezident İlham Əliyev əldə olunan uğurlara baxmayaraq, bundan sonra da diqqətli və güclü olmağı vacib hesab edir. Prezident İlham Əliyev bildirir ki, keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əlbəttə, Azərbaycanın kifayət qədər güclü tərəfdaşları var və Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan ləyaqətli və güclü ölkədir, ona görə də heç kimə məsləhət görmür ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Heç şübhəsiz ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub. Ancaq Prezident İlham Əliyev məsləhət bilir ki, heç vaxt qanlı tarix yaddaşımızdan silinməməli, şirin sözlərə aldanmamalı və ayıq olmalıyıq. Bu səbəbdəndir ki, tarixi qələbəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrin inkişafı ilə əlaqədar böyük sayda xüsusi təyinatlı, yeni komando qüvvələri yaradılıb, pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri gətirilib, yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb. Bütün bunlar onu göstərir ki, dövlət mümkün olan təhlükə mənbələrini izləyir və görür. Buna görə də, Azərbaycan hər an müharibəyə hazır olmalıdır. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev xəbərdarlıq edir ki, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq”.
“Onu da əlavə edək ki, Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar AXC-Müsavat rəhbərliyinin bəd əməllərinin nəticəsi olub” – deyən Ramil Vəlibəyov qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsindən 1 ay sonra hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyi Kəlbəcərin müdafiəsi üçün heç bir addım atmayıb: “Lakin 27 il sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı bir yumruq kimi Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər rayonu isə bir güllə atılmadan azad edildi. O da faktdır ki, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Bu gün isə artıq Kəlbəcərdə də yenidənqurma və abadlıq işləri aparılır. Kəlbəcər rayonu yeni mərhələyə qədəm qoyub. 32 ildən sonra Kəlbəcərə yenidən həyat qayıdıb. Məhz, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq”.