
Tədbirdə YAP Şəki rayon təşkilatının və Şəki Dövlət Regional Kollecinin rəhbərliyi, partiya veteranları, fəalları, kollecin əməkdaşları və tələbələri iştirak etmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Dövlət Regional Kollecinin direktoru vəzifəsini icra edən Günel Mustafayeva, partiya veteranı Kamil Məmmədov, “Musiqi Kolleci” ərazi partiya təşkilatının sədri Sərdar Şərifov, Şəki Dövlət Regional Kollecinin direktor müavini Rafiq Səmədov, kollecin müəllimi Pərviz Zeynalov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, onun təsis edilməsini zəruri edən ictimai-siyasi şərait və partiyanın formalaşması prosesində qarşıya çıxan çətinliklər, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin və milli dövlətçiliyin ciddi təhlükələrlə üzləşməsi, xalqın güclü siyasi liderə və sağlam siyasi qüvvəyə olan ehtiyacı, belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixində mühüm hadisəyə çevrilməsi, partiyanın yaranmasının xalqın iradəsini, milli həmrəyliyini və gələcəyə olan inamını ifadə etməsi barədə danışmışlar.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik tarixi inkişaf yolunun ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutduğu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin qazandığı nailiyyətlər, dövlət müstəqilliyinin möhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bildirlmişdir. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkədə siyasi sabitliyin təmin olunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və cəmiyyətin vahid məqsədlər ətrafında səfərbər edilməsində mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, ölkəmizin qarşısında geniş imkanlar və mühüm hədəflər dayanır. Partiyanın rayon təşkilatları və üzvləri də bu prosesdə fəal iştirak edərək dövlət başçısının müəyyən etdiyi strateji məqsədlərin həyata keçirilməsinə öz töhfələrini verirlər.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.




