
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 120A” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrin icrası və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov qurultayda qarşıya qoyulan vəzifələrin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyətinin gənc nəslə çatdırılmasının, dövlətçilik ideyalarının təbliğinin və gənclərin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini qeyd edib.
220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova çıxışında təhsilin gənclərin dünyagörüşünün formalaşmasında və onların cəmiyyətin fəal üzvləri kimi yetişməsində mühüm rol oynadığını bildirib. O, şagirdlərdə Vətənə məhəbbət, dövlətə sədaqət və milli kimliyə bağlılıq hisslərinin gücləndirilməsinin, həmçinin təhsil prosesində vətənpərvərlik dəyərlərinin aşılanmasının əhəmiyyətindən danışıb.
Görüşdə iştirak edən digər şəxslər də çıxışlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin həyata keçirilməsi, gənclərin ideoloji maarifləndirilməsi, milli-mənəvi irsin qorunması və təhsil müəssisələrinin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda qurultayda müəyyənləşdirilmiş prioritetlərin icrası, gənclərin dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsi və cəmiyyətin inkişafında onların rolunun artırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.




