Xankəndi, Şuşa və Ağdama Maarifləndirici Səfər Təşkil Edilib

23 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının təşkilatçılığı ilə bir qrup əməkdaş və partiya fəalının işğaldan azad edilmiş ərazilərə növbəti maarifləndirici və vətənpərvərlik ruhunda ekskursiyası təşkil olunmuşdur. Səfərin əsas məqsədi iştirakçılarda milli-mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, eləcə də azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanışlığın təmin edilməsi olmuşdur.
Ekskursiya çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Ağdam şəhər və rayonlarında olmuş, həmin ərazilərdə dövlət tərəfindən həyata keçirilən yenidənqurma layihələrini yerində izləmək imkanı qazanmışlar. Bildirilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və infrastruktur layihələri Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və gələcəyə olan inamını bir daha nümayiş etdirir.
İştirakçılar səfər zamanı müasir yol infrastrukturu, yeni yaşayış kompleksləri, tikilən sosial obyektlər, təhsil və səhiyyə müəssisələri ilə tanış olmuş, bölgədə görülən işlərin miqyasını yüksək qiymətləndirmişlər. Xüsusilə qeyd olunmuşdur ki, qısa müddət ərzində həyata keçirilən quruculuq işləri Qarabağın əvvəlki həyatına qaytarılması istiqamətində atılan mühüm addımlardandır.
Səfər çərçivəsində Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onların göstərdiyi qəhrəmanlığın heç zaman unudulmayacağı vurğulanmışdır. Həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Zəfərin Azərbaycanın müasir tarixində xüsusi yer tutduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur.
Ekskursiya iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirərək, bu cür səfərlərin xüsusilə gənc nəslin milli ruhda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Onlar vurğulamışlar ki, azad edilmiş ərazilərə təşkil olunan ekskursiyalar Qarabağ həqiqətlərinin daha dərindən öyrənilməsinə, tarixi yaddaşın möhkəmlənməsinə və dövlətçilik ənənələrinin təbliğinə mühüm töhfə verir.
Sonda iştirakçılar bu cür maarifləndirici səfərlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini qeyd etmiş, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlərin hər bir Azərbaycan vətəndaşı üçün böyük qürur mənbəyi olduğunu bildirmişlər.
Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi




