
Azərbaycanın müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun siyasi fəaliyyəti milli dövlətçilik ideyalarının qorunması, müstəqillik düşüncəsinin möhkəmləndirilməsi və dövlət rəmzlərinə ehtiramın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Üçrəngli bayrağımızın yenidən dövlət səviyyəsində ucaldılması da bu tarixi xidmətlərin mühüm nümunəsidir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin qərar sovet hakimiyyətinin davam etdiyi mürəkkəb siyasi şəraitdə atılmış cəsarətli və uzaqgörən addım idi.
Bu qərarla Azərbaycan xalqının müstəqillik arzusu siyasi müstəvidə daha aydın ifadə olundu. Naxçıvan Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırması milli istiqlal mübarizəsinə mühüm töhfə verdi. 1991-ci il fevralın 5-də bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi bu prosesin davamı oldu.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesində milli atributlarımızın qorunmasını daim diqqət mərkəzində saxlayırdı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi təsbit olunması bu siyasətin hüquqi əsaslarını möhkəmləndirdi.
Bu gün Azərbaycan bayrağının dünyanın müxtəlif ölkələrində və azad edilmiş ərazilərimizdə dalğalanması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasətinin davamlılığını göstərir. Onun milli ideallara sədaqət nümunəsi gələcək nəsillər üçün də mühüm örnəkdir. Üçrəngli bayrağımız Heydər Əliyevin dövlətçilik irsinin ən qiymətli mənəvi rəmzlərindən biri kimi yaşayır.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini



