Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada gərgin bir vəziyyət hökm sürürdü: sosial-iqtisadi sahədə tənəzzül, durğunluq özünü göstərirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada bu ağır şəraitdən çıxış yolu tapılmalı, iqtisadi inkişafın təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, respublikanın gücünü, əhalinin rifah halını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz onun iqtisadi qüdrəti, iqtisadi dirçəlişi şərtləndirir.
Bütün bunlara görə də ulu öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırırdı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görüldü… Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.
Gülzar Qocayeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi