
Xankəndi Azərbaycanın Qarabağ bölgəsinin mühüm şəhərlərindən biridir. Şəhərin tarixi XVIII əsrin sonlarından başlayır və onun Qarabağ xanlığı ilə bağlılığı rəsmi mənbələrdə də qeyd olunur. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş tədbirlərdən sonra Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi Xankəndinin müasir tarixində yeni mərhələ yaratdı. 20 Sentyabrın Xankəndi şəhəri günü kimi müəyyən edilməsi də məhz bu yeni tarixi mərhələnin dövlət səviyyəsində yaddaşda saxlanılması məqsədi daşıyır.
Bu gün Xankəndidə əsas diqqət şəhərin gələcək inkişafına yönəlib. Müasir şəhərsalma prinsipləri əsasında yeni ictimai məkanların yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi və şəhər infrastrukturunun inkişaf etdirilməsi Qarabağın ümumi quruculuq strategiyasının mühüm istiqamətlərindəndir. Xankəndidə Zəfər parkının yaradılması şəhərin ictimai-mədəni simasının formalaşdırılması baxımından diqqət çəkən layihələrdəndir. Şəhərin gələcəyinə hesablanan belə layihələr göstərir ki, Xankəndi artıq yalnız tarixi hadisələrin məkanı kimi deyil, Azərbaycanın yeni inkişaf coğrafiyasının bir hissəsi kimi nəzərdən keçirilir.
Nəqliyyat infrastrukturu da şəhərin gələcək həyatında mühüm rol oynayacaq. 2025-ci il iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Rəsmi məlumatda Ağdam–Xankəndi dəmir yolu xəttinin 28 kilometr uzunluğunda olacağı, layihə çərçivəsində Əsgəran və Xocalı stansiyalarının, müxtəlif mühəndis qurğularının, körpülərin və digər infrastruktur obyektlərinin yaradılmasının nəzərdə tutulduğu bildirilir. Bu layihələr Xankəndinin nəqliyyat əlaqələrinin genişlənməsi və regionun ümumi inkişaf sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir.
Xankəndinin gələcəyi yalnız binaların və yolların inşası ilə ölçülməyəcək. Əsas məsələ burada müasir şəhər həyatının bütün elementlərinin formalaşdırılmasıdır. Təhsil, mədəniyyət, sosial xidmətlər, nəqliyyat, iqtisadi fəallıq və ictimai həyat şəhərin gələcək simasını müəyyənləşdirəcək. Dövlətin həyata keçirdiyi layihələr bu istiqamətdə yeni imkanlar yaradır. Xankəndi Azərbaycanın Zəfər tarixinin mühüm ünvanı olmaqla yanaşı, Qarabağda qurulan yeni həyatın və gələcəyə hesablanan inkişafın şəhəri kimi formalaşır.
Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



