Analitika

Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər arasında iqtisadi aspekti olan sahələr üzrə əməkdaşlığı əhatə edən və 1996-cı ildə təsis edilən Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın rolunu xüsusilə vurğulamaq olar. Hazırda Azərbaycan tərəfindən Komissiyanın həmsədri Baş nazir Əli Əsədov, Türkiyə tərəfindən həmsədr isə Vitse-Prezident Fuat Oktaydır. Komissiyanın 19.02.2021 tarixində Ankara şəhərində AR Baş naziri Əli Əsədovun və TR Vitse-Prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən 9-cu iclasında bir sıra vacib məsələləri əhatə edən yeni Fəaliyyət Planı qəbul edilmişdir. Hazırda bu Fəaliyyət Planının müddəalarının icrası istiqamətində müvafiq işlər görülür.Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. 1995-2021-ci illər ərzində Türkiyədən Azərbaycana cəlb edilmiş birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları təşkil etmişdir (10,4 milyard ABŞ dolları neft sektoruna, 2,9 milyard ABŞ dolları (1-ci yer) qeyri-neft sektoruna). Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə fəaliyyət göstərir.Son illər Türkiyə ilə Azərbaycan arasında ticarətin asanlaşdırılması və həcminin artırılması istiqamətində də vacib addımlar atılır. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalanmış, saziş çərçivəsində hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları razılaşdırılmışdır. Bu məhsullar üzrə idxal gömrük rüsumları illik tarif kvotaları çərçivəsində 0%-ə endirilmişdir. Preferensial Ticarət Sazişi 01.03.2021 tarixindən qüvvəyə minmişdir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı ikitərəfli məsələlərlə yanaşı, regional iqtisadi əməkdaşlıq sahələrini də əhatə edir. İki dövlətin birgə həyata keçirdikləri fəaliyyətin nəticə olaraq, beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr ərsəyə gəlmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan ən ümdə nümunələrdir.BTC layihəsinin reallaşması istiqamətində mühüm addım kimi 29 oktyabr 1998-ci il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı imzalanmış “Ankara Bəyannaməsi”, 18 noyabr 1999-cu il tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” imzalanmış Sazişi göstərmək olar. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli təşəbbüs Cənub Qaz Koridorunun mühüm komponentlərindən olan TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alır) təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Koridorunun digər mühüm komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya çatdırılır.

Gülzar Qocayeva,
Xəzər rayonu, 241 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button