Peşakar ordu
Hər bir dövlətin gücünü həmçinin onun hərbi potensialı və müdafiə qabiliyyəti də müəyyən edir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.
Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bu işi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq Prezidentin şəxsi nəzarəti, diqqəti və himayəsi altındadır. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.
Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb.
Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu xalqın güvənc ünvanına çevrilib.
Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan zəfər yürüşünə başladı və dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da tezləşdirdi. Belə ki, düşmən bu ərazilərə faktiki, eyni zamanda, praktiki cəhətdən bələd idi.
Həmçinin, döyüşlərdə iştirak etmiş bir çox əsgər və zabitlərimiz bu coğrafiyada ilk dəfə idi ki vuruşur, qarşı tərəfin ordusu isə bu yerləri daha yaxşı tanıyırdı. Ermənistan pulsuz əldə etdiyi texnika və hərbi sursatlar hesabına yüksək dərəcədə təminatlı orduya malik olsa da, Azərbaycan Silahlı Qüvvələrinin onlara qarşı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən və “Zərbə” dronlarından qaçışları mümkün olmadı.
3000 metr yüksəklikdə, dağlıq ərazidə aviasiya qüvvələrini cəlb etmədən düşməni susduran ordumuz döyüş taktikası baxımından hərb tariximizin yeni uğurlu bir səhifəsini yazdı. Nə Ermənistanın gücləndirilmiş bunkerləri, nə qurduğu postlar qəhrəman əsgərlərimizin müqavimətini qıra bilmədi, düşmən tez bir zamanda neytrallaşdırıldı. Azərbaycan əsgəri Şuşa döyüşlərindəki təcrübəsindən yararlanaraq bu dəfə də əlbəyaxa döyüşlərin qalibi oldu, daha bir strateji qələbəyə imza atdı. Bu, hər zaman belə olacaq, ermənilər hər bir həmləyə, təxribata görə layiqli cəzasını alacaq, çünki Azərbaycan Ordusu düşmənin təxribatlarına mətinliklə cavab verməyə qadirdir.
Süleymanova Nigar,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №li tam orta məktəbin əməkdaşı