
2020-ci il sentyabr ayının 27-si bütün Azərbaycan xalqı üçün uzun illər həsrətində olduğu, qürur dolu bir günlə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətini bir daha sübut etdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin mühüm mərhələlərindən birinə çevrildi. 27 Sentyabr – Anım Günü tarixə təkcə bir döyüşün başlandığı gün kimi deyil, həm də döyüşə gedən insanların xatirəsinə ehtiram günü kimi daxil olub. Bu gün ailəsinə dönməyən əsgəri, övladını itirən valideyni, atasının xatirəsi ilə böyüyən uşağı yada salırıq. Şəhidlərimizinhər birinin adı, ailəsi və yarımçıq qalmış arzuları var. Onların fədakarlığını müharibənin nəticələri ilə belə ifadə etmək mümkün deyil. Altı il əvvəl 27 sentyabr tarixində başlayan Vətən müharibəsi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Həmin Qələbə barədə danışarkən ilk növbədə onu mümkün edən insanları, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi xatırlayırıq.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azad edilməsi uzun illər işğal altında qalmış torpaqlara qayıdışın yolunu açdı. Hər azad edilən şəhərin və kəndin arxasında isə döyüşçülərimizingöstərdiyi şücaət, şəhidlərimizin canı bahasına qazanılmış irəliləyiş dayanırdı. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 27 Sentyabr – Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir.
Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bu əlamətdar gündə Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik. Qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin şərəfli döyüş yolu daim xalqımızın qürur mənbəyi olacaqdır. Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı Azərbaycan xalqının milli yaddaşında əbədi qalacaqdır.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



