Sosial

Lənkəranda gənclər üçün Vikipediya təlimləri keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İrs – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vikipediyada Azərbaycanın milli irs məzmununun gücləndirilməsi” adlı layihə çərçivəsində 27–28 iyun 2026-cı il tarixlərində Lənkəran şəhər Gənclər Evində gənclər üçün Vikipediya təlimləri təşkil olunub.

Aktualinfo Media Qrup xəbər verir ki, təlimlərin açılış mərasimində İrs – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyinin sədri Saleh Bağırov iştirakçılar qarşısında çıxış edərək layihənin məqsədləri haqqında məlumat verib, gənclərə uğurlar arzulayıb və onların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Kənan Musayev çıxış edərək Vikipediyaya töhfə verən gənclərin fəaliyyətini yüksək qiymətləndirərək, etibarlı və açıq bilik məzmununun formalaşdırılmasının müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını bildirib.

İki günlük təlimlər Vikimedia Azərbaycan İstifadəçi Qrupu İdarə Heyətinin sədr müavini Aida Aslanova və Vikipediyanın inzibatçısı Toğrul Rəhimli tərəfindən aparılıb. Təlimlərin nəzəri hissəsində iştirakçılara Vikipediyanın əsas prinsipləri, ensiklopedik məzmunun yaradılması qaydaları, mənbələrdən düzgün istifadə, məqalələrin hazırlanması və redaktə edilməsi barədə ətraflı məlumat verilib.

Praktiki hissədə isə iştirakçılar əldə etdikləri bilikləri tətbiq edərək Azərbaycanın milli irsi, eləcə də Lənkəran şəhəri ilə bağlı yeni məqalələr yaradıb və mövcud məqalələri təkmilləşdiriblər. Təlimçilər tərəfindən hazırlanan məqalələr yoxlanılıb, iştirakçılara fərdi tövsiyələr təqdim olunub və onların fəaliyyətləri qiymətləndirilib.

Təlimin sonunda iştirakçıların praktiki işləri yekun qiymətləndirilib, təlim proqramını uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Sertifikatlar İrs – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyinin sədri Saleh Bağırov tərəfindən iştirakçılara təqdim edilib.

Layihənin əsas məqsədi gənclərin Vikipediya sahəsində bilik və bacarıqlarını artırmaq, onların Azərbaycanın milli irsinin beynəlxalq informasiya məkanında tanıdılmasına töhfə vermələrini təşviq etməkdir.

Oxşar Xəbərlər

Back to top button