Laçın – yaşıl enerjinin yeni ünvanı

Laçının inkişaf strategiyasında enerji təhlükəsizliyi və yaşıl enerji mühüm yer tutur. Rayonun çayları hidroenerji imkanlarının geniş olmasına şərait yaradır. Buna görə də burada bir sıra su elektrik stansiyalarının yaradılması və yenidən qurulması həyata keçirilir.
Laçında fəaliyyət göstərən və yaradılması nəzərdə tutulan su elektrik stansiyaları rayonun enerji təminatında mühüm rol oynayır. 2026-cı ilin məlumatlarına əsasən, rayonun elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır və artıq istehsal olunan enerji ölkənin enerji sisteminə ötürülür.
Bu layihələr yalnız enerji istehsalı baxımından əhəmiyyət daşımır. Yaşıl enerjinin inkişafı təbii qazdan istifadənin azalmasına və atmosferə atılan karbon emissiyalarının qarşısının alınmasına da imkan yaradır. Beləliklə, Laçının bərpası ekoloji prinsiplərlə də əlaqələndirilir.
Laçının yaşıl enerji potensialının gələcəkdə daha da artırılması planlaşdırılır. Bu istiqamət şəhərin müasir və dayanıqlı inkişaf modelinə uyğun formalaşdırılmasına xidmət edir. Laçın həm yaşayış, həm də enerji istehsalı baxımından yeni imkanlar qazanan bölgələrdən birinə çevrilir.
Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının gənc fəalı



