Laçın rayonunun Su Ehtiyatları və Hidroenergetika Potensialı

Azərbaycanın yaşıl enerji keçidində və iqlim siyasətində mühüm yer tutan Laçın rayonu zəngin su ehtiyatlarına və nəhəng hidroenergetika potensialına malikdir. Rayon ərazisindən axan Həkəri çayı və onun qolları üzərində qurulan kiçik su elektrik stansiyaları ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
Bu istiqamətdə ilk mühüm addımlardan biri 2021-ci ildə generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasının işə salınması olmuşdur. Bu stansiya təxminən 7000 nəfər əhalinin, eləcə də Qubadlı rayonunun Xanlıq kəndinin və ətraf infrastrukturun elektrik enerjisi ilə təminatında əsas rol oynayır. Ardınca Hoçaz çayı üzərində ermənilər tərəfindən dağıdılmış “Ağbulaq”, “Mişni” və “Alxaslı” SES-lər tam yenidən qurularaq istismara verilmişdir. 2025-ci ilin mayında isə Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində inşa edilən “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı olmuşdur.
Həmin stansiyaların hər biri ölkənin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmuşdur. “Aşağı Malıbəyli” (3,1 MVt) və “Mirik” (3,5 MVt) SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulur ki, bu da 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə və 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını almağa imkan yaradır. 2026-cı ilin iyulunda isə Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı həyata keçirilmişdir.
Hidroenergetika layihələri ilə yanaşı, regionun su təminatını kökündən həll edəcək nəhəng infrastruktur layihəsinə də imza atılmışdır. 2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulmuşdur. Ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq bu su anbarından qidalanan magistral boru kəməri Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri keyfiyyətli içməli su ilə təmin edəcəkdir.
Laçının su ehtiyatlarının səmərəli idarə olunması və yaşıl enerjiyə keçid prosesi regionun dayanıqlı inkişafının təməlini qoyur. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi ekoloji və iqtisadi siyasətin uğurunu nümayiş etdirir.
Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini



