Laçın Beynəlxalq Loqistika və Geopolitik Dəyişiklik Mərkəzi Kimi

Laçının işğaldan azad edilməsi Cənubi Qafqazda geostrateji arxitekturanın tamamilə yenidən formalaşmasına səbəb olmuşdur. 1992-ci ilin mayında Şuşanın ardınca Laçının da zəbt edilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında qeyri-qanuni coğrafi əlaqə yaradaraq Azərbaycanın təhlükəsizliyinə ağır zərbə vurmuşdu. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və imzalanmış üçtərəfli bəyanat nəticəsində 2020-ci il dekabrın 1-də rayon, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı.
Bölgənin bərpası yalnız daxili sosial-iqtisadi layihələrlə məhdudlaşmır, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyanı təmin edir. 2025-ci il mayın 28-də istifadəyə verilən, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Laçın Beynəlxalq Hava Limanı ölkənin ən hündür aeroportu olmaqla yanaşı, regionun turizm və logistika imkanlarını qlobal səviyyəyə qaldırmışdır. Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa edilən 17 tunel və 23 körpü nəqliyyat xərclərini və məsafəni əhəmiyyətli dərəcədə qısaltmışdır.
İqtisadi transformasiya prosesində Laçın Aqro-Sənaye Parkı çərçivəsində yaradılan 46 müəssisə, o cümlədən “PIRSHAGHI” ayaqqabı fabrikinin filialı və “LATIFA” tikiş fabriki yerli əhalinin məşğulluğunda mühüm rol oynayır. Rayon ərazisində fəaliyyət göstərən mebel fabriki və prefabrik modul evlərin istehsalı müəssisəsi isə daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialını da gücləndirir. Eyni zamanda, Qarabağda ilk nərəyetişdirmə müəssisəsi olan “Həkəri Balıq Təsərrüfatı” regionun aqrar-sənaye imkanlarını nümayiş etdirir.
“Böyük Qayıdış” Dövlət Proqramı əsasında həyata keçirilən köçürülmə prosesi nəticəsində minlərlə laçınlı otuz ildən sonra doğma yurdlarına qayıdaraq daimi məskunlaşmışdır. Zabux, Sus, Bəylik kəndləri və Laçın şəhərində inşa edilən müasir evlər, məktəblər, tibb məntəqələri və uşaq bağçaları yüksək yaşayış standartlarını təmin edir. Şəhərin Baş Planına əsasən tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi isə urbanistik inkişafın mütərəqqi nümunəsidir.
Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması və şəhərdə Türkiyə Prezidenti ilə Pakistanın Baş nazirinin iştirakı ilə keçirilən zirvə görüşləri bu torpağın sülh və əməkdaşlıq mərkəzinə çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu misilsiz quruculuq işləri Azərbaycanın gücünün və strateji qüdrətinin təntənəsidir.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



