AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçın: Azadlıq Epopeyası və Regional Dirçəliş Modeli

Azərbaycanın suverenliyinin bərpası prosesində xüsusi yer tutan 26 avqust – Laçın Şəhəri Günü xalqımızın milli qürurunun və əzmkarlığının simvoludur. Otuz ilə yaxın davam edən işğal dövründə erməni hərbi birləşmələri tərəfindən dağıdılan və etnik təmizləməyə məruz qalan bu strateji diyar, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azadlığına qovuşmuşdur. 2020-ci il dekabrın 1-də rayon, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilmiş, minlərlə hərbçimiz “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bölgənin iqtisadi və sosial həyatının canlandırılması məqsədilə həyata keçirilən layihələr çərçivəsində yaşıl enerji istehsalına üstünlük verilmişdir. Həkəri və Zabux çayları üzərində inşa olunan kiçik su elektrik stansiyaları rayonun enerji tələbatını tamamilə ödəyir. 2026-cı ilin iyulunda açılışı olunan yeni stansiyalar və təməli qoyulan “Həkəriçay” su anbarı bölgənin uzunmüddətli su və enerji təhlükəsizliyini təmin edən əsas strateji obyektlərdir.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində Laçın Aqro-Sənaye Parkında yaradılan 46 müəssisə, o cümlədən mebel fabriki, tikiş və ayaqqabı sexləri yerli əhalinin məşğulluğunu təmin edir. Eyni zamanda, Qarabağda ilk nərəyetişdirmə müəssisəsi olan “Həkəri Balıq Təsərrüfatı” aqrar sektorun inkişafına güclü təkan verir. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Laçın Beynəlxalq Hava Limanı və Kəlbəcər-Laçın avtomobil yolu isə bölgənin logistik imkanlarını qlobal səviyyəyə yüksəltmişdir.

“Böyük Qayıdış” Dövlət Proqramı əsasında minlərlə laçınlı otuz ildən sonra doğma yurdlarına qayıdaraq Zabux, Sus, Bəylik kəndlərində və Laçın şəhərində inşa edilən müasir evlərdə məskunlaşmışdır. Şəhərin Baş Planına uyğun olaraq tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi, Zerti kəndindəki istirahət kompleksləri və “Hoçazfilm” studiyası bölgənin mədəni həyatını zənginləşdirmişdir. Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması və beynəlxalq zirvə görüşlərinə ev sahibliyi etməsi onun qlobal miqyasda sülh mərkəzinə çevrildiyini təsdiqləyir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button