
Azərbaycanın qədim tarixə, zəngin təbiətə və misilsiz təbii sərvətlərə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın milli yaddaşında xüsusi yer tutur. Möhtəşəm dağları, buz bulaqları, sıx meşələri, mineral su mənbələri, qədim yaşayış məskənləri və əsrlərin izlərini özündə yaşadan tarixi abidələri ilə seçilən bu diyar Azərbaycanın əvəzolunmaz təbiət incilərindəndir. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də doğma torpağa bağlılığın, tarixi irsin, milli kimliyin və əzmkarlığın rəmzidir. Bu gün Kəlbəcərin adı həm keçmişin ağrı-acıları, həm də müasir Azərbaycanın gücünü nümayiş etdirən möhtəşəm quruculuq prosesi ilə yanaşı çəkilir.
Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusunun verilməsi onun ictimai-siyasi və inzibati həyatında mühüm mərhələ olmuşdur. Rayon əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları və zəngin iqtisadi potensialı ilə Azərbaycanın digər bölgələrindən fərqlənmişdir. Ərazidə mövcud olan meşələr, dağ çayları, yaylaqlar, faydalı qazıntılar və müalicəvi əhəmiyyətli mineral sular Kəlbəcərin iqtisadi və turizm imkanlarını müəyyənləşdirən əsas amillərdən olmuşdur. Xüsusilə İstisu mineral bulaqları bu diyarın şöhrətini ölkə hüdudlarından kənara çıxarmış, Kəlbəcəri sağlamlıq turizminin mühüm mərkəzlərindən birinə çevirmişdir. Rayonun tarixi və mədəni irsi də onun özünəməxsusluğunu tamamlayan əsas xüsusiyyətlərdəndir.
Lakin Kəlbəcərin inkişaf və tərəqqi yolu 1993-cü il aprelin 2-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən rayonun işğal edilməsi ilə ağır zərbə aldı. Doğma yurdlarından didərgin düşən minlərlə insanın həyatında faciəli bir dövr başladı. Uzun illər ərzində kəlbəcərlilər öz evlərindən, torpaqlarından, ata-baba ocaqlarından uzaqda yaşamağa məcbur oldular. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial obyektləri, tarixi-mədəni abidələri və iqtisadi infrastrukturu ciddi dağıntılara məruz qaldı. Bir zamanlar həyatın qaynadığı kəndlər və şəhər əraziləri xarabalığa çevrildi. Bununla belə, kəlbəcərlilərin doğma torpağa qayıtmaq ümidi heç vaxt sönmədi. Onlar illər boyu öz yurdlarının azad olunacağına inandılar, milli-mənəvi dəyərlərini qoruyaraq qayıdış gününü gözlədilər.
Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Kəlbəcərin də azadlığına aparan yolu açdı. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması xalqımızın çoxəsrlik tarixində əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Bu tarix yalnız bir rayonun azad edilməsi deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi, tarixi ədalətin bərpası və dövlətimizin siyasi iradəsinin təntənəsi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan xalqı daha bir tarixi qələbəyə imza atdı. Məhz bu səbəbdən 25 Noyabr – Kəlbəcər Şəhəri Günü ölkəmizdə böyük qürur və fəxarət hissi ilə qeyd olunur.
Azadlığa qovuşduqdan sonra Kəlbəcərdə yeni həyatın qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, burada aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olması, layihələrin icrasına xüsusi diqqət göstərməsi dövlət başçısının bu torpaqların gələcəyinə verdiyi əhəmiyyətin bariz ifadəsidir. Müzəffər Ali Baş Komandanın 16 avqust 2021-ci il tarixində Kəlbəcərə səfəri rayonun yeni inkişaf mərhələsinin başlanğıcında mühüm hadisə oldu. Səfər çərçivəsində Ömər aşırımı ilə tanışlıq, Tоğanаlı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimində iştirak, enerji infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərlə tanışlıq gələcək inkişafın əsas istiqamətlərini müəyyənləşdirən addımlar idi.
Həmin səfər zamanı 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı rayonun enerji təminatının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Elektrik enerjisi müasir yaşayış məntəqələrinin, istehsal müəssisələrinin, sosial obyektlərin və digər infrastruktur sahələrinin fəaliyyətinin əsas şərtlərindən biridir. Bu baxımdan enerji sisteminin bərpası Kəlbəcərin gələcək iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır. Kiçik su elektrik stansiyalarının yenidən qurulması isə bölgənin təbii enerji potensialından səmərəli istifadə olunmasına, ekoloji cəhətdən təmiz enerji istehsalının genişləndirilməsinə xidmət edir.
Kəlbəcərin yenidən qurulmasında avtomobil yollarının tikintisi də mühüm yer tutur. Çünki əlverişli nəqliyyat əlaqələri olmadan ərazidə genişmiqyaslı məskunlaşmanın, iqtisadi fəallığın və sosial həyatın bərpasını təmin etmək mümkün deyil. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu baxımdan strateji əhəmiyyətə malik layihələrdəndir. Murovdağ silsiləsində inşa edilən 11,6 kilometrlik tunel mürəkkəb relyef şəraitində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə imkan yaratmaq məqsədi daşıyır. Bu yolun əhəmiyyəti yalnız Kəlbəcərlə digər ərazilər arasında əlaqənin yaxşılaşdırılması ilə məhdudlaşmır. O, eyni zamanda İstisu turizm və sağlamlıq mərkəzinin inkişafına, bölgənin iqtisadi potensialının üzə çıxarılmasına və gələcəkdə turist axınının artmasına xidmət edəcək.
Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimi də rayonun nəqliyyat infrastrukturunun inkişafında mühüm addımlardan biri olmuşdur. Bundan əlavə, 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yolunun yenidən qurulması və tikintisi bölgədaxili nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihələr bir-birini tamamlayaraq Kəlbəcərin ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasını gücləndirir. Müasir yolların salınması insanların rahat hərəkəti ilə yanaşı, kənd təsərrüfatı, turizm, ticarət və digər iqtisadi sahələrin inkişafına da yeni imkanlar açır.
Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət Bayrağımızı ucaltması isə xüsusi rəmzi məna daşıyan hadisədir. Azərbaycan bayrağının Kəlbəcər səmasında dalğalanması dövlət suverenliyimizin, milli birliyimizin və tarixi qələbəmizin təcəssümü idi. Bu hadisə illərlə doğma yurdlarından ayrı düşmüş insanların qəlbində böyük sevinc və qürur hissi yaratdı. Dövlət başçısının Kəlbəcər şəhərində yerləşən hərbi hissədə yaradılmış şəraitlə tanış olması da azad edilmiş ərazilərdə təhlükəsizliyin və müdafiə imkanlarının təmin edilməsinin dövlət üçün prioritet olduğunu göstərirdi.
Həmin səfər zamanı dağıdılmış “İstisu” sanatoriyasına baxış keçirilməsi də diqqətçəkən məqamlardan biri idi. İstisu Kəlbəcərin təbii sərvətlərinin və turizm potensialının ən tanınmış nümunələrindəndir. Özünəməxsus mineral tərkibi və müalicəvi xüsusiyyətləri ilə seçilən bu su mənbələri uzun illər ölkəmizin mühüm sağlamlıq turizmi istiqamətlərindən biri olmuşdur. İşğal dövründə sanatoriyanın dağıdılması bölgənin iqtisadi və turizm həyatına ciddi zərbə vursa da, azadlıqdan sonra bu ərazinin yenidən dirçəldilməsi üçün geniş imkanlar yaranmışdır. İstisu ərazisinin müasir turizm mərkəzinə çevrilməsi Kəlbəcərin gələcək inkişafında mühüm rol oynaya bilər. Burada həyata keçirilən bərpa işləri həm yerli iqtisadiyyata töhfə verəcək, həm də Azərbaycanın turizm imkanlarının daha geniş tanıdılmasına şərait yaradacaq.
Kəlbəcərin dirçəlişinin ən vacib istiqamətlərindən biri də şəhərsalma və yaşayış infrastrukturunun yenidən qurulmasıdır. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin salınması bu istiqamətdə görülən işlərin mühüm nümunəsidir. Müasir şəhərsalma prinsiplərinə uyğun qurulan yaşayış məhəllələri insanların rahat, təhlükəsiz və sosial təminat baxımından əlverişli şəraitdə yaşamasını hədəfləyir. Yaşayış binaları ilə yanaşı, məhəllədaxili yolların, kommunal xidmətlərin, sosial obyektlərin və digər zəruri infrastrukturun yaradılması şəhərin kompleks şəkildə inkişafına xidmət edir. Bu cür layihələr Kəlbəcərin yalnız fiziki görünüşünün deyil, həm də sosial həyatının yenidən formalaşmasına zəmin yaradır.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas istiqamətlərindən biridir. Kəlbəcər rayonunda da bu proses mərhələli şəkildə davam edir. Doğma yurda qayıdış insanların uzun illər ərzində yaşadığı həsrətin sona çatması, ailələrin öz ata-baba torpaqlarında yenidən məskunlaşması deməkdir. Lakin qayıdış yalnız evlərin tikilməsi ilə yekunlaşmır. İnsanların davamlı və rahat həyatını təmin etmək üçün iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkili, kommunal təminatın yaxşılaşdırılması, kənd təsərrüfatının və sahibkarlığın inkişaf etdirilməsi də vacibdir. Buna görə də Kəlbəcərdə həyata keçirilən layihələr kompleks xarakter daşıyır və rayonun uzunmüddətli inkişafına istiqamətlənir.
Prezident İlham Əliyevin 2023-cü il noyabrın 7-də azad edilmiş Kəlbəcərə növbəti səfəri də rayonun inkişaf tarixində əlamətdar hadisələrdən biri olmuşdur. Dövlət başçısının Kəlbəcər rayonunun Vəngli kəndinə baxış keçirməsi işğaldan azad edilmiş kəndlərin gələcək inkişafına, yaşayış məntəqələrinin bərpasına və əhalinin doğma torpaqlara qayıdışına göstərilən diqqətin növbəti ifadəsi idi. Vəngli kəndi də Kəlbəcərin ümumi dirçəliş prosesinin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Rayonun hər bir kəndinin, hər bir yaşayış məntəqəsinin yenidən həyata qaytarılması burada tarixən formalaşmış sosial və mədəni mühitin bərpasına xidmət edir.
Kəlbəcərin gələcək inkişafı üçün onun təbii və iqtisadi potensialından düzgün istifadə olunması da mühüm əhəmiyyət kəsb edir. Rayonun geniş yaylaq sahələri heyvandarlığın, münbit əraziləri kənd təsərrüfatının, zəngin təbiəti isə turizmin inkişafı üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, mineral su ehtiyatları, meşə örtüyü və dağ çayları bölgənin iqtisadi potensialını artıran mühüm sərvətlərdir. Bu imkanların səmərəli şəkildə qiymətləndirilməsi yeni iş yerlərinin açılmasına, yerli əhalinin məşğulluğunun yüksəlməsinə və rayonun ölkə iqtisadiyyatında mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər. Bütün bunlarla yanaşı, Kəlbəcərin bərpasında ekoloji tarazlığın qorunması, meşələrin mühafizəsi və təbii sərvətlərdən məsuliyyətli istifadə xüsusi diqqət tələb edir.
Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətinin, dövlətin gücünün və gələcəyə hesablanmış inkişaf strategiyasının aydın göstəricisidir. Vaxtilə dağıntılara məruz qalmış yolların, yaşayış məntəqələrinin, enerji və kommunikasiya sistemlərinin yenidən qurulması, yeni yaşayış məhəllələrinin salınması, əhalinin mərhələli şəkildə doğma yurda qayıtması böyük zəhmət və ardıcıl dövlət siyasəti tələb edən prosesdir. Bu prosesin mərkəzində isə insan amili, yurd sevgisi və Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi dayanır.
Kəlbəcərin azadlığı və yenidən qurulması Azərbaycan xalqının yaddaşında qürurverici bir tarix kimi qalacaq. Bir zamanlar işğalın ağrılarını yaşayan bu diyar bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun yolları yenidən çəkilir, yaşayış məntəqələri bərpa olunur, enerji infrastrukturu qurulur, doğma yurdlarına qayıdan insanların üzündə sevinc və ümid hissi canlanır. Bütün bunlar Azərbaycanın yalnız ərazilərini deyil, həm də həmin torpaqlarda həyatın davamlılığını bərpa etmək əzmini nümayiş etdirir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü hər bir azərbaycanlı üçün tarixi yaddaş, milli qürur və gələcəyə inam günüdür. Bu gün biz Kəlbəcərin zəngin keçmişini ehtiramla xatırlayır, onun azadlığı uğrunda göstərilən qəhrəmanlığı yüksək qiymətləndirir və hazırda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini böyük fəxarət hissi ilə izləyirik. Kəlbəcər artıq yalnız həsrətlə xatırlanan doğma məkan deyil, müasir Azərbaycanın inkişaf edən, yenilənən və gələcəyə inamla addımlayan bölgəsidir. Əminliklə demək olar ki, dövlətimizin diqqəti, xalqımızın birliyi və kəlbəcərlilərin doğma torpağa bağlılığı sayəsində bu qədim diyarın həyatında yeni, parlaq səhifələr yazılacaq. Kəlbəcərin dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı, milli iradəsinin və quruculuq əzminin canlı təcəssümüdür.
Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



