
Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.
Müasir dövrdə beynəlxalq ticarət ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Xarici iqtisadi əlaqələrin genişləndirilməsi, yeni bazarlara çıxışın təmin olunması və investisiya mühitinin yaxşılaşdırılması dövlətlərin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev dünya iqtisadiyyatına inteqrasiya istiqamətində mühüm addımlar atmış, bir çox ölkə və beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlıqlar arasında Avropa İttifaqı (Aİ) xüsusi yer tutur. Bu gün Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və investisiya mühitinin gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar prinsiplərinə əsaslanır. Aİ Azərbaycanın müstəqilliyini tanıyan ilk beynəlxalq tərəfdaşlardan biri olmuş və sonrakı illərdə siyasi, iqtisadi və texniki sahələrdə əməkdaşlığı davamlı şəkildə inkişaf etdirmişdir.
Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin payı yüksəkdir. Xüsusilə İtaliya, Almaniya, Yunanıstan, Rumıniya, İspaniya və digər üzv dövlətlər Azərbaycan məhsullarının əsas idxalçıları sırasındadır. Eyni zamanda Azərbaycan Avropa bazarlarından müasir texnologiyalar, sənaye avadanlıqları, nəqliyyat vasitələri, tibbi cihazlar və müxtəlif istehlak malları idxal edir. Bu qarşılıqlı ticarət əlaqələri hər iki tərəf üçün iqtisadi fayda yaradır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş hesab edilir. Xəzər dənizində yerləşən zəngin neft və təbii qaz ehtiyatları Avropa bazarlarına müxtəlif beynəlxalq layihələr vasitəsilə çatdırılır.
Müasir dövrdə beynəlxalq iqtisadi əlaqələrin qurulmasında Prezident Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət xətti ölkə iqtisadiyyatının sürətlə inkişafına təkan verən ən önəmli dayaqdır. Bu sahədə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır. Layihənin tərkib hissələri olan TANAP və TAP qaz kəmərləri Azərbaycan qazının Avropa ölkələrinə ixracını mümkün etmişdir. Bu layihələr nəticəsində Avropa ölkələri enerji mənbələrini şaxələndirmək imkanı əldə etmiş, Azərbaycan isə ixrac bazarını genişləndirərək valyuta gəlirlərini artırmışdır. Enerji əməkdaşlığı Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Avropa İttifaqı Azərbaycanın ixrac məhsulları üçün ən böyük bazarlardan biridir. Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi əsas məhsullar xam neft, təbii qaz, neft məhsulları, kimya sənayesi məhsulları və kənd təsərrüfatı məhsullarıdır.
Eyni zamanda Avropa şirkətləri Azərbaycanda müxtəlif sahələrə, xüsusilə enerji, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı, maliyyə və xidmət sektorlarına investisiyalar yatırırlar. Xarici investisiyalar yeni iş yerlərinin açılmasına, müasir texnologiyaların tətbiqinə və yerli istehsalın inkişafına müsbət təsir göstərir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevirir. Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə və ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir logistika mərkəzləri Azərbaycanın tranzit imkanlarını artırmışdır. Avropa İttifaqı da regionda nəqliyyat əlaqələrinin inkişafına və alternativ ticarət marşrutlarının formalaşdırılmasına maraq göstərir. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da gücləndirir.
Avropa İttifaqı bu gün Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Ticarət dövriyyəsinin genişlənməsi, enerji sahəsində strateji əməkdaşlıq, qarşılıqlı investisiyalar və nəqliyyat layihələri Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin davamlı inkişafını təmin edir. Bu münasibətlər yalnız iqtisadi deyil, həm də siyasi və sosial sahələrdə əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



