Dünyaİqtisadiyyat

Gürcüstan və Macarıstan ticarət əlaqələrini artırmaq niyyətindədir

Gürcüstan və Macarıstan ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal çalışacaq.

Globalnews.az “Report” a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili macarıstanlı həmkarı Marton Naqi ilə görüşdən sonra bildirib.

Məlumata görə, Gürcüstan və Macarıstan arasında ticari-iqtisadi əlaqələr, onların gələcək inkişaf perspektivləri və bu istiqamətdə görüləcək işlər iki ölkənin iqtisadiyyat nazirlərinin görüşünün əsas mövzusu olub.

“Gürcüstan və Macarıstan arasında bir çox sahələrdə ticari-iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üçün ciddi potensial var. Biz bu istiqamətdə, o cümlədən hökumətlərarası komissiya çərçivəsində fəal işləyəcəyik”, – Davitaşvili deyib.

Qeyd olunur ki, komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək və iclas çərçivəsində ticarət və investisiya, turizm, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və energetika, nəqliyyat, rabitə və innovasiya, təhsil və elm, mədəniyyət, Gürcüstan və Aİ əlaqələri və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

“Qeyd etmək istərdim ki, iqtisadi əlaqələrimiz artır, o cümlədən bu ilin ilk doqquz ayının məlumatlarına görə, ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % artaraq 64 milyon ABŞ dolları təşkil edib”, – gürcü nazir söyləyib.

Bundan əlavə, Gürcüstan Baş nazirinin birinci müavini vurğulayıb ki, ölkələr arasında 2024-cü ildə imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş iki ölkənin investisiya potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Tərəflər həmçinin Qara dənizin dibi ilə kabel xətti çəkilməsi layihəsinin gedişatını müzakirə ediblər. Qeyd olunub ki, bu, həm də Avropanın enerji sisteminin təhlükəsizliyi baxımından böyük infrastruktur layihəsidir: o, Gürcüstan və Avropanın elektrik enerjisi sistemlərini birləşdirməlidir. Tərəflər razılaşıblar ki, onun həyata keçirilməsi istiqamətində mövcud sıx əməkdaşlıq davam etdiriləcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında dörd ölkənin – Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan hökumətləri Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya ötürüləcəyi kabel xəttinin çəkilməsi haqqında saziş imzalayıblar. Layihə Avropa və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.

Avropa İttifaqı Qara dənizin dibi ilə keçəcək sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı isə Qara dənizin dibinin ətraflı tədqiqi üçün Gürcüstana əlavə 75 milyon ABŞ dolları ayıracağına söz verib.

Oxşar Xəbərlər

Back to top button